Gözəllik üçün canlarına qıyırlar – Plastik  əməliyyatın ağır fəsadları


Adil Qeybulla: “Ölkəmizdə estetik əməliyyat az qala dəb yarışına çevrilib. Təbii ki, estetik əməliyyatlar kütləvi hal alanda fəsadların da olması qaçılmazdır”



Plastik əməliyyat etdirənlərin sayı getdikcə artır. Təbii ki, daha çox qadınlar bu əməliyyatlara üz tuturlar. Onların bir qismi gözəl görünmək, digərləri isə komplekslərdən xilas olmaq üçün bu yola əl atır.

Lakin kompleksdən xilas olmaq istəyərkən uğursuz əməliyyat keçirənlərin sonra yaşadığı fəsadlar daha böyük problemlərə yol açır. Əvvəllər daha az adam buna meyl edirdisə, hazırda “gözəllik qurban tələb edir” deyib, gözəllik üçün canlarını qurban verirlər. Dəfələrlə şahidi olmuşuq ki, gözəlləşmək üçün bıçaq altına yatan xanımlar sonra böyük faciələrlə üzləşirlər. Uğursuz əməliyyat əksinə onların pis görünüşə sahib olmasına səbəb olur.



Plastik əməliyyatların fəsadları ilə bağlı “Sherg.az”a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, bu cür əməliyyatlar xəstənin öz arzusu ilə həyata keçirilir.

Professorun qənaətincə, heç kəs bu əməliyyata görə, məsuliyyət daşımır:

“Xarici ölkələrdə də xəstələr öz istəkləri ilə estetik əməliyyat olunurlar. Estetik əməliyyat funksional xarakter daşıyırsa, xəstə icbari tibbi sığorta çərçivəsində əməliyyat oluna bilər. Amma qalan situasiyalarda bu əməliyyat xəstənin öz vəsaiti hesabına fərdi şəkildə həyata keçirilir. Estetik əməliyyatların düzgün aparılmasına gəlincə isə buna müvafiq komissiya və mütəxəssislər nəzarət etməlidir.

Çünki hər bir estetik əməliyyatın öz standartları var. Həmin standarta uyğun olaraq əməliyyat aparılır. Xəstə nəticədən razı da qala bilər və ya əksinə şikayət də edə bilər. Lakin müvafiq komissiya əməliyyatın estetik parametrlərə uyğun aparılmasını müəyyən edir”.

Həkim bildirib ki, bütün əməliyyatlarda olduğu kimi estetik əməliyyatlarda da ağırlaşma olur:

“Əvvəlcədən xəstəyə izah olunur, bəzi məqamlar onun diqqətinə çatdırılır. Xarici ölkələrdə estetik əməliyyatlara girən xəstələrlə mütləq psixoloqlar məşğul olur. Onlar əməliyyatın nə dərəcədə zəruri olduğunu xəstələrə başa salırlar. Bizdə isə belə deyil. Ölkəmizdə estetik əməliyyat az qala dəb yarışına çevrilib. Təbii ki, estetik əməliyyatlar kütləvi hal alanda fəsadların da olması qaçılmazdır.  Əlbəttə, bu gün estetik əməliyyatlar reklam bazarında çox şişirdilmiş şəkildə ayrı- ayrı mütəxəssislər tərəfindən aparılır.

Bəzən isə nəticə xəstəni qane etmir. Ümumiyyətlə, xəstələr diqqətli olmalıdırlar. Reklama uymamalı, mütəxəssisin sertifikatını, doğrudan da bu işlə məşğul olduğunu araşdırmalıdırlar. Səhiyyə Nazirliyi və digər qurumlar daha çox insanların sağlamlıqları ilə bağlı olan xəstəliklərlə məşğuldurlar. Estetik əməliyyatlar xəstənin öz arzusu ilə həyata keçirildiyi üçün burada daha çox pasiyent diqqətli olmalıdır. Onlar istər ciblərini, istərsə də ola biləcək fəsadları gözə almalıdır”.