Bakıda böyük tədbir...

Medianın inkişaf meyilləri müzakirə olundu

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının Bakıda keçirilən illik toplantısına dünyanın 20-dən artıq ölkəsindən nümayəndə qatılıb


Bakı daha bir beynəlxalq tədbirə imza atdı. Budəfəki qonaqlar bizim – medianın dostları idi.  
Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının sentyabrın 12-si başlayan,  sentyabrın 13-də isə plenar iclaslarda davam edən illik toplantısını nəzərdə tuturuq. 
Toplantı iştirakçılarının kimliyi və təmsil etdiyi ölkələr tədbirin beynəlxalq əhəmiyyətinin hansı dərəcədə mühüm olduğunu göstərirdi. Asiya, Avropa və Afrikanın 20-yə yaxın ölkəsindən nümayəndələr, BMT, Avropa Şurası kimi beynəlxalq təşkilatların, o cümlədən yerli media qurumlarının rəhbərləri və ekspertlər qonaqlar sırasında idi. 
Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının yaranma tarixi barədə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun çıxışına istinadən deyə bilərik ki, Assosiasiya 1992-ci ildə yaradılıb. ABŞ-ın bir sıra ştatlarının, Türkiyə, Hindistan, Pakistan, Banqladeş, Nepal, Zimbabve, Keniya və digər ölkələrin jurnalistləri belə bir qurum yaradıblar. O vaxtdan indiyədək quruma üzv ölkələrdə tədbirlər keçirilir və jurnalistlərin qarşılaşdığı problemlər, informasiya əldə etmələri ilə bağlı yaranmış çətinliklərin aradan qaldırılması ilə bağlı təkliflər səsləndirilir. Ümumilikdə toplantıda dünyada medianın inkişaf meyilləri müzakirə olunub.
Mətbuat Şurasının sədri Azərbaycanda media sahəsində əldə edilən uğurlar barədə danışıb. Bildirib ki, 1998-ci ildə ölkəmizdə senzura ləğv edilib, kütləvi informasiya vasitələri ilə bağlı qanunvericilik bazası təkmilləşdirilib, media tam müstəqildir. Azərbaycanda internet media da fəaliyyətini uğurla davam etdirir. Ölkəmizdə 3 milyona yaxın insan sosial şəbəkədən istifadə edir. Azərbaycanda etnik qruplar sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Media da bu istiqamətdə dövlət siyasətini dəstəkləyir.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə çıxış edib.
Dünya Mətbuat Şuraları Assosiasiyasının Bakı toplantısının iştirakçılarını Prezident İlham Əliyev və hökumətimiz adından salamlayan Əli Həsənov deyib ki, Azərbaycan milli mətbuatı və digər kütləvi informasiya vasitələri yüz ildən artıq bir tarix çərçivəsində müxtəlif inkişaf mərhələlərini keçərək ictimai həyatımızın ayrılmaz tərkib hissəsinə və vətəndaş cəmiyyətinin hərəkətverici qüvvələrindən birinə çevrilib. 
Hazırda kütləvi informasiya vasitələri, informasiyanın əldə olunması, milli teleradio yayımı, ictimai televiziya, informasiya azadlığı və digər sahələrlə bağlı yeni qanunların qəbul olunması KİV-in inkişafını təmin edən zəruri qanunvericilik bazası kimi çıxış edir.
Ötən 25 ildə ölkəmizdə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan mühüm addımları xatırladan Əli Həsənov qeyd edib ki, Azərbaycan Prezidentinin sərəncamları ilə 1998-ci ilin sonunda yerli KİV-lər əlavə dəyər vergisindən azad edilib, ölkəyə gətirilən çap məmulatlarına tətbiq edilən gömrük rüsumları ləğv olunub, media vasitələrinin dövlətə olan borcları silinib və əlavə olaraq onlara uzunmüddətli və güzəştli kreditlərin verilməsi işi təmin edilib.

“Transmilli media qurumları ictimai rəyi manipulyasiya etməyə çalışır”

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi deyib ki, son illərdə sosial şəbəkələr ictimai rəyin formalaşmasına təsir imkanlarını artırmağa çalışır:
- Lakin burada bir məqamı qeyd etməliyik ki, sosial şəbəkələrin rolunu müsbət xarakterizə edən cəhətlərlə yanaşı, mənfi meyillər də özünü göstərir. Sosial şəbəkələrin meydana gəlməsi bir tərəfdən söz və öz fikrini ifadə etmək azadlığının təmin olunmasında yeni perspektivlər açır. Digər tərəfdən, sosial şəbəkələrlə insan hüquqları arasındakı qarşılıqlı təsir bəzən xoşagəlməz vəziyyət yaradır. Məsələn, sosial şəbəkələrdə insanların şərəf və ləyaqətinin alçaldılması halları baş verir ki, bu da insan hüquqlarının pozulması deməkdir. Təəssüf ki, bu cür mənfi hallar bəzən transmilli medianın fəaliyyətində də özünü göstərir. Transmilli media qurumlarının verilişlərinin ölkədə yayılmasının müsbət cəhəti bundan ibarətdir ki, əhali dünyada baş verən proseslərlə bağlı operativ məlumatlar əldə etmək imkanı qazanır. Burada özünü göstərən mənfi xüsusiyyət isə ondadır ki, bəzən müxtəlif siyasi dairələrin və yaxud lobbi qruplarının təsiri ilə transmilli media qurumları ictimai rəyi manipulyasiyaya məruz qoymağa çalışır, obyektivlik və bitərəflik kimi prinsiplərə zidd olaraq qərəzli, subyektiv informasiyalar yayır.

Əli Həsənov çıxışını aşağıdakı fikirlərlə tamamlayıb: “Azərbaycan hakimiyyəti hazırda söz və mətbuat azadlığının, KİV-in inkişafının təmin edilməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edir. Azərbaycan dünyanın və bölgəmizin azsaylı ölkələrindəndir ki, hələ 1998-ci ildə mətbuat və informasiya nazirliyini ləğv edib və mətbuatın dövlət tənzimlənməsindən birmənalı şəkildə imtina edib. Azərbaycan dövləti bu işi hazırda ölkə jurnalistlərinin öhdəsinə buraxıb ki, onlar da öz ümumi toplantılarında jurnalistlərin vahid ictimai təşkilatı olan Mətbuat Şurasını yaradıblar. KİV-lərin fəaliyyətinin dəstəklənməsi və siyasi plüralizmin genişləndirilməsi siyasətini də biz məhz yaratdığımız KİVDF fondu, o cümlədən Mətbuat Şurası vasitəsilə həyata keçirməyə çalışırıq. Mətbuat Şurası bu istiqamətdə dövlətin əsas tərəfdaşıdır. Ölkə jurnalistlərinin ictimai maraqlarının yeganə təminatçısı kimi çıxış edən bu qurum uğurlu fəaliyyət göstərir və bugünkü möhtəşəm toplantı da bunun əyani sübutudur. 

Dünya ölkələrini təmsil edən əksər Mətbuat Şuralarını Bakıya toplamaq və milli-transmilli jurnalistikanın, azad medianın problem və uğurlarını müzakirə etmək bacarığı bunun göstəricisidir.
BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycan üzrə təmsilçisi Rəşad Hüseynov, Avropa Şurasının Bakı ofisinin nümayəndəsi Pərvanə Bayramova və digər çıxış edənlər Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının yaranma tarixindən və fəaliyyətindən, eləcə də müasir medianın üzləşdiyi problemlərdən və qarşısında duran vəzifələrdən bəhs ediblər. 

“Belə tədbirlər ölkəmizin qlobal səviyyədə imicinin möhkəmlənməsi baxımından əhəmiyyətlidir”

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının Bakıda keçirilən illik toplantısı dünən "Müharibə və ya münaqişə ilə bağlı yaranmış ekstremal vəziyyətlərdə jurnalist fəaliyyətinin xarakteri" mövzusunda plenar iclasla işini davam etdirib.

Azərbaycan Mətbuat Şurası Idarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrət Assosiasiyanın illik toplantısı və plenar iclas barədə fikirlərini “Şərq”ə bildirdi: 

- Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının Bakıda keçirilən illik toplantısına dünyanın 20-dən artıq ölkəsindən nümayəndə qatılıb. Toplantının ilk günü bilirsiniz ki, media azadlığı məsələləri ilə bağlı müzakirələr aparıldı. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə əhatəli çıxış etdi. Qonaqlarla söhbətlərimiz olub və onlar Əli Həsənovun çıxışını yüksək qiymətləndirdilər. Dedilər ki, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisinin media ilə bağlı bu cür geniş çıxışı onlar üçün gözlənilməzdir. Bu gün isə (dünən) təşkilati məsələlərə baxılacaqdı. Biz o müzakirələrdə iştirak etmədik, amma plenar iclaslarda çıxış etdik. Xüsusilə mənim üçün əhəmiyyət kəsb edən İraq təmsilçisinin çıxışı oldu. Təmsilçinin danışdıqlarını təsəvvür etmək belə çətindir. Mən İraqdakı vəziyyəti onsuz da izləyirəm. Ancaq bu qədərini təxmin belə etməzdim. İraqdakı tayfalar, qəbilə başçıları istənilən zaman hər hansı jurnalisti oğurlatdırıb öldürə bilirlər. İraq jurnalistləri üçün nəinki iş yerləri, evlərində yatmaq da təhlükədir. İraqda öldürülən jurnalistlərin sayı 300-ə çatıb. Azərbaycandan kənarda baş verənləri bilmədən ölkəmizdə medianın durumunu tənqid edənlər əvvəlcə bu faktlara diqqət yetirsinlər. Türkiyə təmsilçisi də ölkəsində medianın fəaliyyəti barədə danışdı. Mən 3 ayrı məsələyə münasibət bildirdim. Dedim ki, İraqdakı vəziyyəti yaradan ABŞ və digər işğalçı qüvvələrdir. İraq demokratik ölkə deyildi, məlumdur, amma işğal faktından əvvəl bu qədər faciələr yaşanmırdı. Bunu biz mütləq deməliyik. Səbəbkarı göstərməliyik. Türkiyədə də vəziyyət o qədər də ürəkaçan deyil. Hər yoldan ötənə jurnalist vəsiqəsi verilib. PKK-çılar, “FETO”çular jurnalist adı arxasında gizlənirlər. Bu terrorçular ələ keçəndə haray qoparırlar ki, jurnalistə təzyiq edilir. Beynəlxalq təşkilatlar da, bilə-bilə ki, onlar terrorçudur, müdafiələrinə qalxır. Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu müharibə jurnalistikası ilə bağlı çıxış etdi. Və Qarabağ müharibəsində ermənilər tərəfindən öldürülən Azərbaycan jurnalistlərindən danışdı. Bildirdi ki, Azərbaycan tərəfindən bir nəfər də olsun erməni jurnalistinə güllə atılmayıb. Nəinki öldürülən, heç yaralanan erməni jurnalisti də yoxdur və bunu qonaqların bilməsi vacibdir. Bunu da vurğulayım ki, Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi etməklə nüfuzlu bir ölkə olduğunu sübut etdi. Bizim üçün əsas sevindirici hal odur ki, Azərbaycana gələn qonaqlar ölkəmizin inkişafını gördükdən sonra fikirləri tamam dəyişir. Qonaqlar arasında Bakıya ilk dəfə gələnlər vardı. Bakının, ümumilikdə ölkəmizin  gözəlliyinə heyran qalmışdılar, jurnalistlərin dili ilə desəm, şokda idilər.

“Bu cür beynəlxalq tədbirlər medianın inkişafında hansı əhəmiyyətə malikdir” sualına isə A.Həsrətin cavabı belə oldu: 

- Belə tədbirlər hər zaman yeni perspektivlər açır. Mediamız üçün də yeni əlaqələrin qurulması, yeni iş birliyinin yaranması baxımından çox faydalıdır.  Bura gələn qonaqların hər biri ölkəsində konkret media quruluşunun əməkdaşı, mətbuat şuralarının rəhbərləri, üzvləridir. Onlar əlbəttə ki, artıq dünəndən (srağagündən) etibarən buradakı tədbir barədə material hazırlayıb ölkələrinə ötürüblər. Onların təmsil etdikləri media quruluşlarında Azərbaycan, Bakı haqqında material gedib. Bu, ölkəmizin qlobal səviyyədə imicinin möhkəmlənməsi baxımından əhəmiyyətlidir. Deyək ki, bizə qardaş, dost, yaxın əlaqələrimiz olan ölkələr var, amma, məsələn, Keniyada, Tanzaniyada Azərbaycanı nə qədər tanıyırlar? Belə tədbirlər ölkəmizin və təbii ki, bizim medianın inkişafının uzaq ölkələrdə təbliğ olunması üçün daha bir imkandır. Qaldı ki, əlaqələrimizin inkişaf etdirilməsinə, bu, bir az da özümüzdən asılı məsələdir. Biz aktiv olsaq, iş birliklərinin qurulmasına nail olarıq.