"Bayağı müğənnilər məni səhnədən iyrəndirdi"


Almaz Ələsgərli: "Onlarla bir sırada olmaq istəmirəm, kaş ki, teatra daha tez gələydim"

Səhnədə yeni nəfəslər, yeni obrazlar görsək də, bizə doğma olan tanınmışlar var ki, onları az görəndə hərdən darıxırıq da. Son dönəmlər efirlərdə az-az görünən Əməkdar artist Almaz Ələsgərli də o müğənnilərdən sayılır ki, sovet dövründən bu günə sevilməyi bacarıb. Hərdən sənətdən, səhnədən küsdüyünü desə də, bir müddət sükut elan edir. Sonra yenidən maraqlı bir layihə ilə gündəmə gələ bilir. Gözdən uzaq düşən Almaz Ələsgərli ilə əlaqə yaradıb yeni mövsümdə görünüb-görünməyəcəyini soruşduq. «Şərq»ə açıqlama verən müğənni şou-biznes  səhnəsindən küskün düşsə də, təsəllini teatr səhnəsində tapdığını vurğuladı. 

- Almaz xanım, xeyli vaxtdı efirlərdən, səhnədən uzaq düşmüsüz…
 
- Hazırda Musiqili Teatrda çalışıram. Demək olar bütün gücümü teatra yönəltmişəm. Qaldı efirlərdə yoxam. Normal verilişlər var ki, mən də gedib iştirak edim.

- Nədir sizi belə sənətə, səhnəyə küsdürən?

- Sənət aləmində sənətkardan başqa hamı var. Artıq bundan həm iyrənmişəm, həm də yorulmuşam. Biz səhnəyə belə asanlıqla gəlməmişik. Mənim yadıma sənətə ilk gəldiyim dönəmlər düşür, inanın həm qürurlanıram, həm də əfsus çəkirəm. Qürurum ondandır ki, zəhmətimlə Almaz Ələsgərli olmuşam. Əfsusluq da çəkirəm ki, indikilər bir mahnıyla bir gecədə populyar olub, özlərini ulduz hesab edirlər. Biz bir mahnını lentə aldırmaq, onu efirə təqdim etmək üçün aylarla çalışırdıq ki, qüsur görməsinlər.

İndikilər isə bir gecədə bir mahnı oxuyub məşhur olurlar. Yadıma gəlir ki, efirə necə hazırlaşırdıq, bir konsert olanda nə qədər məşq edirdik. İndi hamı əlinə mikrofon götürüb oxuyur. Bizdən də yaxşı qazanırlar, bizdən də çox tanınırlar. Məsələ tanınmaqla bitsəydi, nə var idi ki? Bunlar «instaqramın xalq artistləri» olublar. Hərə öz səhifəsində paylaşım edir, nə gəldi oxuyur, olur populyar müğənni. Bax bunlar məni səhnədən küsdürdü. Sözün həqiqi mənasında iyrəndim. 

- Ona görə də illər sonra teatr səhnəsinə üz tutdunuz?

- Bəli, məhz bu səbəblər məni teatr səhnəsinə gətirdi. Kaş ki, daha tez teatra gələydim. Çünki səhnədə bayağı ifaçıları görəndə, orda onlarla bir sırada olmaq istəmirəm. Artıq mənim o yaşım da deyil. İllər, zaman sözünü deyir. İnsan müəyyən yaşdan sonra həyatı daha dərindən başa düşür. Elə səhnədə də olan əsl peşəkar müğənni illər sonra sanbalını itirmək istəmir.

O yaşdayam ki, daha ciddi sənətə üstünlük verməliyəm. Bu gün də mahnı oxumaq ciddi sənət deyil. Çünki bu gün hamı oxuyur. İstəyirəm yaşımın bu vaxtından sonra artıq daha ciddi səhnədə olum.

Ona görə də teatrı seçdim. İlham Namiq Kamalla, Fatma xanım Mahmudova, Əkbərlə bir səhnədə olmaq insanın ruhuna rahatlıq verir. Teatr səhnəsi həqiqətən fərqli məkandı. Nə deyim, sanki şou-biznesin o çirkinliklərdən yaxa qurtarmaq istəyən bir insan üçün teatr səhnəsi bir cənnət məkanını xatırladır. Burda səhnə daha müqəddəs, təmiz, sanballı görünür.

- İllərdən danışdıq, zamanın gəlib keçdiyini qeyd etdiniz. İllər sizi nənə də etdi. Necə hissdir?

- Ay Allah, qurban olum nəvəmə. Bəli, nənə olmuşam. Bir neçə gündən sonra nəvəmin bir yaşını qeyd etmək üçün İsveçə yollanıram. Həqiqətən o qədər gözəl duyğudur ki. Hələ bir nəvəm də yoldadır. İnşallah, o da dünyaya gəlsin, daha da xoşbəxt olaram.

- Nəvənizə doğum hədiyyəniz nə olacaq?

- Nə almamışam ki?! O qədər hədiyyə almışam ki, nə istəsəz almışam. Nəvədən şirin nə ola bilər ki, həyatda. Təki hamı mənim kimi nəvə payı görsün.
Tahirə Məmmədqızı