Lisenziyalar və icazələr verən orqanların səlahiyyəti artırıldı


APA -nın məlumatına görə, bu məqsədlə “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, lisenziya və icazə verən orqanların səlahiyyətləri sırasına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi siyahı üzrə verdiyi, dayandırdığı, bərpa və ya ləğv etdiyi lisenziyalar və icazələr ilə bağlı qanunda göstərilən məlumatları reyestrdə qeydə alındığı tarixdən 3 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına göndərmək əlavə edilir.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, səlahiyyətli orqan ölkədə verilmiş lisenziyalar və icazələrlə bağlı aşağıdakı məlumatları özündə ehtiva edən vahid reyestr aparır:

- lisenziya və icazə verən orqanın adı və ünvanı;

- lisenziyanın (icazənin) sahibi barədə məlumatlar (hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının, nümayəndəliyinin adı və hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi və fəaliyyət ünvanı);
- lisenziya (icazə) sahibinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
- lisenziyanın (icazənin) verildiyi tarix və qeydiyyat nömrəsi (icazə sənəd formasında verildikdə);
- əgər varsa, lisenziyanın (icazənin) müddəti (başlama və başa çatma tarixləri göstərilməklə);
- lisenziyada göstərilmiş fəaliyyət növü və icazədə göstərilmiş hərəkət;
- lisenziyanın və icazənin əlavəsinin verildiyi tarix və qeydiyyat nömrəsi (lisenziyanın və icazənin əlavəsi verildikdə);
- yenidən rəsmiləşdirilmiş lisenziyanın və icazənin verildiyi tarix və qeydiyyat nömrəsi (lisenziya və icazə yenidən rəsmiləşdirildikdə);
- lisenziyanın və icazənin dublikatının verildiyi tarix və qeydiyyat nömrəsi (dublikat verildikdə);
- lisenziyanın və icazənin dayandırılması və bərpa edilməsi haqqında inzibati aktın tarixi və nömrəsi (dayandırılmanın və bərpanın əsasları göstərilməklə);
- lisenziyanın və icazənin ləğvi haqqında inzibati aktın tarixi və nömrəsi (ləğv etmənin əsası göstərilməklə), məhkəmə qərarının tarixi və onu qəbul edən məhkəmənin adı.
Lisenziyaların və icazələrin vahid reyestri elektron formada aparılır.
Qanun layihəsinə dəyişiklik bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə olunub.