Bütün işsizlərin şəxsi kabineti olacaq - Bu ilin sonundan


Bu ilin sonundan başlayaraq işsiz vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaratdığı vakansiya bazasından özləri üçün münasib işi seçə biləcəklər.

Nazirliyin Əmək bazarının təhlili və statistika şöbəsinin müdiri İsa Həsənov Lent.az -a yeni sistem və onun üstünlükləri barəsində məlumat verib.

O bildirib ki, nazirliyin Mərkəzləşmiş Elektron İnformasiya Sistemində yaradılan “Məşğulluq” altsistemi modulunun əsas məqsədi işsiz vətəndaşların hər hansı çətinlik çəkmədən öz evlərindən belə bu sistemə müraciət edib, iş axtaran kimi qeydiyyata alınmasıdır:

“İş üçün müraciət edən vətəndaşların işlə təmin olunması, onların iş yerləri haqqında məlumat əldə edə bilməsi üçün “Məşğulluq” sistemi içərisində “Vakansiya bazası” yaradılıb. Qeyd edim ki, bütün işəgötürənlər elektron informasiya sistemdə qeydiyyatdadırlar. İşəgötürənlərlə yanaşı, onlarda muzda işləyən bütün işçilər həmin sistemdə qeydiyyatdadırlar.

Mövcud sistem “Məşğulluq” altsistemi ilə inteqrasiya olunacaq və bu vasitə ilə vakansiya bankı yaradılacaq. Vakansiya bankında bilavasitə işəgötürənlər üçün sistem vasitəsilə ştat cədvəli yaradılacaq. Ştat cədvəlinə uyğun hər bir işçi qüvvəsinin işdən çıxması, işə yeni adamın qəbul olunması haqqında məlumatlar vakansiya bankına daxil olacaq. Bütün iş axtaran vətəndaşların həmin məşğulluq altsistemi vasitəsilə elektron kabinetləri olacaq”.

İsa Həsənov bildirib ki, işsiz vətəndaşların vakansiya bankına çıxışları olacaq:

“Vətəndaşlar həmin bankdan öz təcrübəsinə, peşəsinə uyğun iş yerinə iddia edəcəklər və işlə təmin olunmaq imkanı qazanacaqlar”.

Nazirlik rəsmisinin sözlərinə görə, özəl və ya dövlət olmasına baxmayaraq, bütün işəgötürənlər prosesdə iştirak edəcəklər və vakansiya bankına onlarda olan boş iş yerləri haqqında məlumatları yerləşdirəcəklər:

“Nazirlikdə prosesə nəzarət sistemi yaradılacaq. Hər bir vakant iş yeri haqqında məlumatlar, o cümlədən həmin iş yerlərinə iddia edən vətəndaşların sonrakı aqibəti - işə qəbul olunub-olunmadığı və digər məsələlərə nəzarət olunacaq. İşəgötürən vətəndaşı işə qəbul etmədiyi təqdirdə bununla bağlı əsaslandırılmış səbəb yazmalıdır.

Prezident İlham Əliyevin yeni sərəncamı olub. Boş iş yerlərinə vətəndaşı səbəbsiz yerə işə götürməyənlər, buna əməl etməyənlərə qarşı cərimələr nəzərdə tutulub və cərimənin də miqdarı xeyli çoxdur”.

İ.Həsənov onu da qeyd edib ki, sistem bu ilin sonundan başlayaraq fəaliyyət göstərəcək: “Məşğulluq” altsistemi oktyabr ayından iş axtaranlar üçün açıq olacaq. İlin sonuna isə vakansiya bankı yaradılacaq və vətəndaşlar üçün açıq olacaq”.

Qeyd edək ki, bu sahədəki bütün xidmətlər ödənişsiz olacaq.