Uşaq filmləri və kino sahəsində boşluqlar var: Ssenarilər yazılmır

Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında mədəniyyət sahəsində görülən işlərdən danışılıb.  Bununla yanaşı komitənin payız sessiyasında hazırlayacağı qanun layihələri müzakirə olunub.

Sherg.az-ın xəbərinə görə, komitə sədri, millət vəkili Rəfael Hüseynov deyib ki, ölkənin iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, enerji kimi müxtəlif sahələrində uğurlar əldə olunursa, bunların başında mədəniyyət gəlir:

“Cənab Prezident İlham Əliyevin mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində bu sahə inkişaf edir. Biz 2018-ci ilin dövlət büdcəsi müzakirə olunan zaman mədəniyyət sahəsinə ayrılan vəsaitin az olduğunu dedik. Bu sahəyə vəsaitin artırılmasını istədik. Amma maliyyə nəzərdə tutulduğundan az ayrıldı. Sonra Azərbaycan Prezidentinin mədəniyyət və incəsənət nümayəndələri ilə görüşündən sonra mədəniyyət sahəsinin müxtəlif istiqamətləri üzrə çox səxavətli bir vəsait ayırdı. Bu da mədəniyyət sahəsinin müxtəlif istiqamətlərinin inkişafına imkan yaratdı. Bu il də vəsaitin daha da artırlmasına nail olmalıyıq. Azərbaycan mədəniyyəti zəngin olduğundan bu sahənin ümumi inkişafına nail olmaqla digər qüvvələrlə rəqabət apara bilərik”.

Komitə üzvü Jalə Əliyeva deyib ki, Azərbaycanda uşaq filmləri və kino sahəsində boşluqlar var. Onun sözlərinə görə, istedadlı uşaqların filmə çəkilməsinə çalışır: 

“Amma bununla bağlı müvafiq qurumlara müraciət etsəm də, bildirildi ki, uşaq filmləri ilə bağlı ssenarilər yazılmır. Uşaq filmləri ilə bağlı ssenarilər yazılmadığından respublikada uşaq filmləri çəkilmir. Bu sahədə bir boşluq var. Axı uşaqların, yeniyetmələrin gələcək tərbiyəsi baxımından bu filmlərin müstəsna rolu var. Hesab edirəm ki, bu məsələyə də diqqət göstərilməlidir”.