Dərs mövsümünün başlaması yolları iflic etdi - BNA-dan AÇIQLAMA


Bakı Nəqliyyat Agentliyinin (BNA) yeni dərs mövsümü ilə bağlı tədbirləri göründüyü kimi elə də effektiv olmadı. Tədris ilinin başlaması ilə paytaxtın nəqliyyat problemi yenidən baş qaldırdı. Belə ki, bir sıra məktəblərin ətrafında, yollarda sıxlıq artdı.

Məsələ ilə bağlı "Sherg.az"a danışan BNA-nın mətbuat katibi Mais Ağayev, agentlik tərəfindən görülən işlərin nəticəsi olaraq əsasən də bir sıra məktəblərin ətrafında yaranan vəziyyətin ürəkaçan olduğunu bildirdi:

“Görülən işlər yetərli oldu. Mən demirəm tədbirlər bütün problemləri aradan qaldırdı. Ancaq əvvəlki illərin ilk dərsi günü ilə müqayisədə əhəmiyyətli dərəcədə dəyişikliyə şahid olduq. Xüsusilə 20, 23, 160 nömrəli məktəblər və Elitar Gimnaziyanın ətrafından əvvəlki illərin ilk dərs günü ümumiyyətlə keçmək olmurdu. Bu cür tədbirlər BNA tərəfindən təbii ki, yalnız ilk dərs günü deyil hər zaman yerinə yetirilir. Sadəcə ilk dərs günü sıxlıq çox olduğu üçün gücləndirmə var idi”.

BNA rəsmisi Lent.az vasitəsilə bir daha valideynlərə müraciət etdi: “Hörmətli valideynlərdən xahiş edirik ki, sıxlığı nəzərə alaraq məktəblərin ətrafında dayanma-durma qaydalarına ciddi əməl etsinlər”.