Güləşçimiz dünya çempionatının yarımfinalında uduzdu - YENİLƏNİB


Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında qadın güləşində daha 4 çəkidə finalçıların adına aydınlıq gəlib.
APA -nın məlumatına görə, yarımfinalda Azərbaycan millisinin 1 üzvü xalçaya çıxıb.
65 kq-da mübarizə aparan Elis Manolova həlledici görüşə vəsiqə üçün İnna Trajukova (Rusiya) ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 6:4 hesablı qələbəsi ilə yekunlaşıb.
Millinin digər üzvü Tatyana Omelçenko (59 kq) da E. Manolova kimi mübarizəni bürünc medal uğrunda davam etdirəcək. O, 1/4 finalda uduzduğu Linda Morais (Kanada) finala yüksəldiyi üçün təsəlliverici görüşə qatılmaq hüququ əldə edib.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya çempionatında çıxışını başa vurub. Komandamızın heyətində Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medal qazanıb. Qadın güləşçilərimizdən isə Mariya Stadnik mundialda həm finala yüksəlib, həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib.

***
Saat. 12:27

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.
APA -nın məlumatına görə, beşinci yarış günündə qadın güləşi üzrə 57, 59, 65 və 76 kq-da mübarizəyə start verilib.
Milli üzvü Alyona Kolesnik (57 kq) dünya çempionatına inamlı başlayıb. Təsnifat mərhələsinin ikinci hissənin startında uğurlu fənd icra edən təmsilçimiz Ukrayna güləşçisi İrina Çixradzeyə “tuşe” ilə qalib gəlib. Lakin o, 1/8 finalda şimali koreyalı İn Sun Yonqa 0:11 hesabı ilə uduzub. Rəqib də növbəti görüşündə məğlub olduğundan A. Kolesnik mundialla vidalaşıb.
Tatyana Omelçenko (59 kq) ilk görüşünə cəmi 1 dəqiqə 57 saniyə sərf edib. Yığma üzvü Yeni Zelandiyadan olan Ana Paulina Mokeyavanı “tuşe” ilə məyus edib. O, ardınca 1/8 finalda Ti Huonq Daodan (Vyetnam) da üstün olub – 10:2. Növbəti qarşılaşmasında Linda Moraislə (Kanada) üz-üzə gələn güləşçi yarımfinala yüksələ bilməyib. O, 4:6 hesabı ilə uduzub.
65 kq-da mübarizə aparan Elis Manolova 1/8 finalda Kaur Navyotu (Hindistan) sınağa çəkib. Qələbə qazanan pəhləvan ardınca Kadriye Aksoya (Türkiyə) da qalib gəlib. O, 1/4 final görüşün vaxtından əvvəl hesabına yazmaqla, yarımfinala yüksəlib.
Səbirə Əliyeva (76 kq) debütdə Eunyu Hvanqla (Cənubi Koreya) qüvvəsini sınayıb və 5:2 hesabı ilə qalib gəlsə də, 1/8 finalda məğlubiyyətə üzülüb. O, almaniyalı Aline Fokkerə vaxtından əvvəl uduzub - 0:11.
Bu çəki dərəcələrindən 57 kq və 76 kq-da ilk “6-lıq”da yer alacaq güləşçilər Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak hüququ da qazanacaqlar.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya çempionatında çıxışını başa vurub. Komandamızın heyətində Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medal qazanıb. Qadın güləşçilərimizdən isə Mariya Stadnik mundialda həm finala yüksəlib, həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib.