Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana "YOX" deyildi - FOTO


Bu gün Bakıda Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun təşkilatçılığı ilə “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” adlı dəyirmi masa keçirilib. APA -nın xəbərinə görə, tədbirdə Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunda birləşmiş hüquq müdafiəçiləri, Milli Məclisin deputatları, QHT rəhbərləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquqşünas Çingiz Qənizadə deyib ki, bugünkü tədbir siyasi yox, sülh tədbiridir: “İllərdir ki, ölkəmiz erməni işğalçılarına qarşı müharibə şəraitində yaşayır. Müharibə deyəndə, ilk olaraq silah-sursat, döyüş, qan və ölüm yada düşür. Ancaq sən demə, ölkəmizdə bir "vətəndaş müharibəsi" də gedirmiş. Bu müharibə sosial şəbəkələrdə, virtual məkanda gedir”.
Deputat bildirib ki, "Facebook" və "Youtube"da ölkəmizdə sözün əsl mənasında bir "vətəndaş müharibəsi", soyuq, ideoloji müharibə gedir: “Buna misal olaraq, virtual dünya hesab edilən sosial şəbəkələrdə son dövrlərdə heç bir əxlaqi dəyərlərə sığmayan söyüş, təhqir və böhtan xarakterli çıxışları qeyd etmək istəyirəm. Xüsusilə də həmin çıxışlara münasibət bildirən və şərh yazan sosial şəbəkə istifadəçilərinin dilə gətirilməsi mümkün olmayan söyüş, təhqiramiz ifadələrini vurğulayardım”.

Ç.Qənizədə onu da bildirib ki, böhtan, təhqirə görə Cinayət Məcəlləsinin 147, 148 və 148.1 maddələri mövcuddur: “Lakin bu maddələr bu gün tətbiq edilmir. Bəlkə nəinki bu maddələrin tətbiqinə başlamalı, əksinə bu maddələrin sanksiyalarının artırılmasının da vaxtıdır”.
Daha sonra tədbirə telefon bağlantısı ilə Xalq artisti Arif Babayev qoşulub. Xalq artisti söyüş kampaniyasını davam etdirənlərə çağırış edib: "Biz hamımız azərbaycanlılarla fəxr edirik. Amma bəzi söyüş söyənləri görəndə üzülürük. Axı, bu ölkənin azyaşlısı var, uşağı, körpəsi, qızı, gəlini var. Vallah, biz rahat yaşayırıq. Gəlin, söyüşləri yığışdırın. Gəlin, dövlət başçımızın ətrafında toplaşaq. Biz əsas torpaqlarımızın geri qayıtması üçün çalışmalıyıq. Mən söyüş söyənlərin bu hərəkətlərini eşidəndə halım dəyişir. Onlara çağırış edirəm ki, söyüşü dayandırsınlar".

Xalq şairi Nəriman Həsənzadə də Azərbaycan dilinin leksikologiyasında söyüş və qarğış mənasını ifadə edən sözlərin çox olmasından təəssüflənir: "Bu yaxınlarda bir kitab oxudum, orada ermənilər də gürcüləri söyürdü. Ermənilər fransızlara gürcüləri söydürən kitab yazdırırlar. Bu gün biz hiyləgər və riyakar düşmənlə üz-üzəyik. Mən fikir vermişəm, bizim dilimizdə çoxlu söyüşlər, qarğışlar var. Görəsən, başqa millətlərin də dilində bu qədər söyüş və qarğış ifadələri var?"

Çıxış edən Xalq yazıçısı Çingiz Abdullayev deyib ki, internetdən çox istifadə edir: “İngilis dilində təhqir mənalı hər hansı bir söz sosial şəbəkədə yazılırsa, həmin profil 1-3 ay müddətinə blok olunur. Bu qayda rus dilində də təhqir yazan sosial şəbəkə istifadəçilərinə tətbiq olunur. Görünür, Azərbaycan dilində olan təhqir sözləri isə nə Mark Zukkerbergə, nə də digərlərinə hələ də çatmayıb. Mən təklif edirəm ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Azərbaycan dilindən söyüş söyənlərin blok olunması üçün müvafiq bir qrup yaradılsın. Azərbaycan dilində söyüş söyən istifadəçilər blok olunmalıdır”.

Ç.Abdullayev deyib ki, bu gün Azərbaycanda dünyadan köçən bütün xalq şairləri və xalq yazıçıları söyülüb təhqir olunurlar: ”Səməd Vurğundan tutmuş Mikayıl Müşviqə qədər. Sonda Azərbaycan Yazıçılar Birliyi ədibləri söyənlərin üzvlükdən çıxarılması ilə bağlı qərar qəbul etdi”.
Daha sonra tədbir çıxışlarla davam etdirilib və yekunda bəyanat qəbul edilib.