“Facebook” televizor vasitəsilə videoçat üçün qurğu təqdim etdi


"Facebook" şirkəti televizordan "Messenger" və "WhatsApp" proqramları vasitəsilə videozənglər etməyə imkan verən "Portal TV" qurğusunu təqdim edib. Sözügedən qurğu səsli idarəetməni dəstəkləyir.

Lent.az "ictnews"a istinadən xəbər verir ki, "Portal TV" cihazı "Spotify" və "Amazon Prime Video" daxil olmaqla müxtəlif populyar xidmətləri dəstəkləyir. Qurğunu "HDMI" konnektoru vasitəsilə televizora qoşmaqla həmin xidmətləri işə salmaq mümkündür.
"WhatsApp" və "Messenger" vasitəsilə videozənglərdən istifadə etmək üçün "Facebook" hesabı vasitəsilə sistemə daxil olmaq lazımdır. Şirkətin nümayəndəsi iddia edir ki, "WhatsApp" vasitəsilə danışıq şifrləmə texnologiyası ilə qorunub ki, bu da məxfiliyi və təhlükəsizliyi təmin edir.
Görünüşcə "Microsoft Kinect" hərəkət kontrollerinə oxşar olan sözügedən qurğunun dəyəri 149 dollardır.