Efirlərdə xaos var

Televiziyalar verilişlərinin səviyyəsini artırmalıdır

Elşad Məmmədli: "Sivil bir toplum formalaşdırmaq üçün isə lazım gəldikdə, inzibati metodlara da əl atmalıyıq"

Anar İmanov: "Senzuranın olmaması o demək deyil ki, hər kəs nə istəsə efirdə deyə və göstərə bilər?!"

Elman Cəfərli: "Hər verilişin öz izləyicisi var, baxmaq istəməyən başqa kanala baxsın” yanaşması doğru deyil"

 (Əvvəli ötən sayımızda) 

“Dövlət büdcəsindən maliyyələşən AzTV, Mədəniyyət TV, İdman Azərbaycan, İTV, Respublika radiosu, İctimai Radio və “ASAN” radionun efirində daha çox ictimai maraqlara xidmət edən yayımlar həyata keçirilir”. Bu barədə Milli Televiziya və Radio Şurasının məlumatında bildirilib. Qurumdan verilən açıqlamada vurğulanıb ki, hazırda Azərbaycanda 92 teleradio yayımçısı və operatoru fəaliyyət göstərir: “Son dövrlər bu yayımçıların proqram siyasətində müsbət dəyişikliklər, dinamika özünü qabarıq şəkildə göstərməkdədir. Belə ki, proqram səbətində yer alan, auditoriyanın müxtəlif seqmentlərini hədəfləyən yeni layihələr tamaşaçı və dinləyicilərin rəğbətini qazanır. Ancaq özəl teleradio yayımçıları maarifləndirici və informasiya verilişləri ilə yanaşı, şou-əyləncəli proqramlar yayımlayır. Nəzərə almaq lazımdır ki, özəl yayımçı həm də sahibkarlıq subyektidir və təbii olaraq, auditoriya toplamaq, daha çox reklam cəlb etmək və bununla da maddi gəlir əldə etmək naminə rəqabət aparır. Reytinqli layihələr isə əsasən şou və əyləncə janrlı proqramlar hesab edilir.

Nəticə olaraq bu gün özəl yayımçıların efirində şou və əyləncəli proqramlar çoxluq təşkil edir”. MTRŞ-nin məlumatında vurğulanıb ki, seçim imkanlarının genişliyinə baxmayaraq, ictimaiyyət tərəfindən ümumölkə kanallarında bəzi proqramların məzmun keyfiyyəti ilə bağlı narazılıqlar dilə gətirilir. Bu kontekstdə Milli Televiziya və Radio Şurasının fəaliyyəti müzakirəyə çıxarılır, qurumdan daha sərt addımlar gözlənilir. Lakin nəzərə alınmalıdır ki, Azərbaycanda senzura 1998-ci ildən ləğv edilib və MTRŞ yalnız mövcud teleradio yayımı haqqında qanunvericilik çərçivəsində tənzimləmə funksiyasına malikdir". Televiziya və radio yayımı haqqında” qanuna görə, şura yayımçıların peşə və yaradıcılıq fəaliyyətinə müdaxilə etmir və eyni zamanda, buna görə də məsuliyyət daşımır.

Şura yalnız qanunvericilikdə əksini tapmış konkret məsələlərlə bağlı hüquqi addımlar atmaq səlahiyyətinə malikdir. Bu istiqamətdə MTRŞ mütəmadi olaraq müvafiq qərarlar qəbul edir, yayımçılara qarşı inzibati tənbeh tədbirləri, cərimələr müəyyən edilməsi üçün məhkəmələrə müraciət edir. Eyni zamanda, ictimaiyyəti narahat edən bu məzmun keyfiyyəti problemini MTRŞ də bölüşür və narahatlığını ifadə edir. Bu sahədə yayımçılarla mütəmadi görüşlər keçirilir, zəruri tövsiyələr verilir. Bu tendensiya bütün dünya audiovizual media sistemi üçün xarakterikdir. Ölkədə həm ciddi, maarifçilik yüklü verilişlər, həm xəbər-informasiya, həm də şou-əyləncəli proqramlar yayımlayan xeyli sayda teleradio yayımçısı fəaliyyət göstərir. Son illərdə fəaliyyətə başlamış ixtisaslaşmış xəbər kanalları olan Real TV, ARB 24 də tamaşaçılara seçim imkanları verilməsi baxımından mühüm rol oynayır. Bundan başqa, çoxsaylı kabel, İP TV və peyk operatorları vasitəsilə populyar xarici kanalların da ölkəmizdə keyfiyyətli retranslyasiyası həyata keçirilir. Bir sözlə, artıq seçim vətəndaşların öz əllərindədir. 

Milli Teleradio Şurası Azərbaycan tamaşaçısının nədən narazı olduğunu bilir. Açıqlamada da buna aydın işarələr var. Yerli telekanallarda bir sıra proqramların məzmun keyfiyyəti tamaşaçını qane etmir, hətta hiddətləndirir də. Bu, əsasən şou, əyləncə proqramlarına aiddir. Proqrama dəvət edilən qonaqların davranışı, danışıqları tamaşaçını qıcıqlandırır. Proqramların qonaqları da daimidir.

Sanki proqram rəhbərləri 3-5 müğənni ilə müqavilə imzalayıblar, hər 2-3 verilişdən bir eyni simalar qonaq qismində dəvət edilirlər. Elə proqramlar var ki, tamaşaçı hansı müğənninin efirə çıxacağını “aşağı-yuxarı” düz təxmin etmiş olur. Belə təəssürat yaranır ki, proqramların sponsoru məhz müğənnilərdir. Bir də dərman şirkətləri, klinikalar. TV-proqramların efir vaxtının böyük bir hissəsi klinikaların, dərmanların reklamına sərf olunur. Tamaşaçı narazılıqları isə “özəl yayımçı həm də sahibkarlıq subyektidir və təbii olaraq, auditoriya toplamaq, daha çox reklam cəlb etmək və bununla da maddi gəlir əldə etmək naminə rəqabət aparır. Reytinqli layihələr isə əsasən şou və əyləncə janrlı proqramlar hesab edilir” arqumenti ilə qarşılaşır. Belə çıxır ki, özəl telekanallar pul qazanmaq üçün hər hansı üsula əl ata bilər və burada heç bir ölçü-tərəzi gözlənməməlidir.  Başqa arqumentsə, “bu tendensiya bütün dünya audiovizual media sistemi üçün xarakterikdir” fikridir. Yəni İngiltərə, ABŞ, Türkiyə və ya Rusiya telekanallarında nə edirlərsə, biz də onu təkrarlamalıyıq? Telekanalların, proqram rəhbərlərinin bir əsası var ki, gəlir yalnız şou proqramlardan əldə edilir, məcburuq efiri şou və əyləncəli proqramlarla dolduraq. Tutalım, bunu qəbul etdik. Bəs səviyyə, keyfiyyətə nə sözünüz? Yəni bu şou proqramı da keyfiyyətli tərtib etmək olar da. Təbii, əgər peşəkarlıq, bilik, savad varsa. MTRŞ deyir ki, məzmun keyfiyyəti ilə bağlı narazılıqlar dilə gətirilir və bu kontekstdə Milli Televiziya və Radio Şurasının fəaliyyəti müzakirəyə çıxarılır, qurumdan daha sərt addımlar gözlənilir.

Halbuki, “Televiziya və radio yayımı haqqında” qanuna görə, şura yayımçıların peşə və yaradıcılıq fəaliyyətinə müdaxilə etmir və eyni zamanda, buna görə də məsuliyyət daşımır. Şura yalnız qanunvericilikdə əksini tapmış konkret məsələlərlə bağlı hüquqi addımlar atmaq səlahiyyətinə malikdir. Bu istiqamətdə MTRŞ mütəmadi olaraq müvafiq qərarlar qəbul edir, yayımçılara qarşı inzibati tənbeh tədbirləri, cərimələr müəyyənləşdirilməsi üçün məhkəmələrə müraciət edir. Və yayımçılara tövsiyələr verir. Tövsiyə və cərimələrlə vəziyyət düzəlmir, hamı da bunun şahididir. Bəs necə olsun? Bunun da cavabını hazırlayıblar: “seçim öz əlinizdədir. İstəyirsiniz baxın, istəyirsiniz baxmayın”. Digər arqumentdə “tamaşaçı nə istəyir, onu göstəririk”. Onda bu televiziyalar niyə fəaliyyət göstərir? Niyə onlara tezlik verilir? Yayım hüququ əldə edirlər? Televiziya kütləvi informasiya vasitəsidir və əhali - vətəndaşlar üçün nəzərdə tutulub. Vətəndaş baxmayacaqsa, onda nəyə gərəkdi?



Mövzunu “Şərq”ə dəyərləndirən “Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli deyib ki, əslində, yetkin və oturuşmuş cəmiyyətlərdə “hər verilişin öz izləyicisi var, baxmaq istəməyən başqa kanala baxsın” prinsipi məntiqlidir. Redaktorun sözlərinə görə, insanın maraqları nəyi tələb edirsə, ona da tamaşa edir:

“Lakin təəssüflər olsun, bizim cəmiyyətimiz kifayət qədər savadlı, maarifli deyil. Biz öncə mükəmməl, savadlı, mədəni bir cəmiyyət formalaşdırmağa çalışmalıyıq. Sivil bir toplum formalaşdırmaq üçün isə lazım gəldikdə, inzibati metodlara da əl atmalıyıq. Bu kontekstdən yanaşdıqda, TV-lərin onsuz da təndiqi yanaşdığımız cəmiyyətin zövqünü daha da korlayan verilişlərlə efirləri doldurması, biznes maraqlarını önə çəkməsi vətəndaşlarımıza, bütövlükdə cəmiyyətə zərbə vurmaqdır. İndiki halda biz cəmiyyətimizin inkişafına xidmət edən, insanları maarifləndirən verilişləri efirə verməklə, insanlarımızı buna uyğunlaşdırmalıyıq. Hazırda cəmiyyətimiz formalaşma dövründədir, biz onu bacardıqca sağlam yetişdirməliyik. Burada televiziyaların üzərinə böyük məsuliyyət düşür. Hər halda, bunun bəlli bir inzibati mexanizmi tapılmalıdır. Cəmiyyətin çox da savadlı olmamasından istifadə edərək ona daha da böyük zərbələr vurmaq, səviyyəsiz verilişlərlə bu cür kökləmək yolverilməzdir”.



“Milli.az” saytının baş redaktoru Anar İmanov isə “Şərq”ə açıqlamasında bildirib ki, indiki halda bu məsələni heç cür tənzimləmək mümkün deyil:

“Ona görə də artıq ciddi fikirləşmək vaxtı gəlib çatıb. Hansısa yolla məsələ tənzimlənməlidir. Söhbət auditoriyanın maarifləndirilməsindən gedir. Efirlərdə səhərdən-axşama qədər şou olacaqsa, bu televiziya və radiolar insanlara necə təsir edəcək, kimi yetişdirəcək? Razıyam, şou da olmalıdır, amma bununla bərabər vətənpərvər, maarifləndirici, intellektual potensialın artmasına yönələn verilişlər tədqim olunmalıdır. “Azərbaycanda senzura ləğv edilib və MTRŞ yalnız tənzimləmə funksiyasına malikdir” sözü o demək deyil ki, hər kəs nə istəsə efirdə deyə və göstərə bilər?! Senzura əlbəttə olmamalıdır, amma izləyiciləri deqradasiya həddinə çatdırmaq da olmaz. Mən seçimimi artıq etmişəm. Evimdə telekanal yoxdur və radiolara da qulaq asmıram. Əvvəl izləyirdim və qulaq asırdım. Amma vaxt keçdikcə gördüm ki, baxdığım və qulaq asdığım verilişlər zövqümü korlayır. İnanmıram ki, uşaqlarım üçün bu verilişlər hansısa fayda versin. Yadımdadır, hansısa radiodan aparıcı zəng edib, bizim xəbərləri tənqid edirdi. Ancaq sonradan ona rəsmi şəkildə xəbərdarlıq olunmuşdu - izləyicilərlə məzələnməsinə və onları aşağıladığına görə. Bəli, bu gün bəzi aparıcılarımız başqalarına ağıl öyrətməyə çalışır, amma özləri, nəysə...”.



“Cümhuriyyət qəzeti”nin və “cebhe.info” saytının redaktoru Elman Cəfərli də qəzetimizə açıqlamasında nəzarətsiz cəmiyyət olmadığını söyləyib:

“Deyirsən ki, “Bədii Şura yaransın”, cavab verirlər ki, bu, Sovetdən qalma nəzarət sistemidir. Əslində doğru olmayan yanaşmadır. Nəzarətsiz cəmiyyət olar?! Onda yol hərəkəti qaydaları, məktəb nizamnaməsi də heç olmasın. Sürücülər bildiyi kimi avtomobil sürsünlər, şagirdlər kefləri istəyəndə dərsə getsinlər. Televiziyalarda bədii şuralar mütləq olmalıdır. “Hər verilişin öz izləyicisi var, baxmaq istəməyən başqa kanala baxsın” yanaşması doğru deyil. Verilişlərə mütləq nəzarət olmalı, cərimələr tətbiq edilməlidir. Televiziya verilişlərində milli mentalitetə uyğun olmayan, zorakılıq aşılayan epizodlardan, fikirlərdən istifadə yasaqlanmalıdır. Aparıcıların jarqonlardan, vulqar ifadələrdən, dialekt sözlərindən istifadəsi qadağan olunmalıdır. Heç kim istisna deyil. Dövlət dili göz bəbəyi kimi qorunmalıdır. Aparıcılar Azərbaycan dilinin ədəbi üslubunda danışmalıdırlar”.