Tik-Tok qızları "zəhərləyir"

Bədənlərini nümayiş etdirən zərif cinsin nümayəndələri sonunu bilmədikləri əyləncəyə təslim olub


Son zamanların böyük insan kütləsini özünə cəlb edən Tik-Tok sosial şəbəkəsi artıq mənfi təsirlərini göstərməyə başlayıb. Böyük əksəriyyəti azyaşlı xanımlardan ibarət olan sosial media istifadəçiləri öz bədənlərinin yarıçılpaq və çılpaq videolarını lentə alaraq insanlarla paylaşır.

Cəmiyyət, mentalitet, əxlaq baxımından xoş qarşılanmayan bu cür hallar gündən-günə artmaqdadır. Artıq Tik-Tok bəzi xanımların həyatının bir parçasına çevrilib. Yarandığı ilk gündən ziyalıların mənfi dəyərləndirdiyi bu sosial şəbəkə vasitəsi çox qorxunc hal alıb. 

“Sherg.az” olaraq məsələni ekspertlə müzakirə etdik.



Psixoloq Aytən Ələkbərova bildirib ki, hazırda ailələrin dağılmasına gətirib çıxaran əsas səbəblərdən biri Tik-Tok kimi sosial şəbəkə vasitəsidir:

“Bəzi insanlar özlərini şəxsiyyət kimi təqdim edə bilmədikdə müxtəlif yollarla gündəmə gəlmək istəyirlər. Bu cür insanlar daha çox film aktrisalarının, müğənnilərin özəl həyatına maraq göstərərək onlara bənzəməyə çalışırlar.

Və onlar sosial şəbəkələrdə  öz görüntülərini yayaraq “bu gün məni beş adam izlədi, sabah altı adam izləyəcək” kimi fikirlərlə cəmiyyət arasında tanındıqlarını zənn edirlər.

Bəzi qızlarımız və müəyyən yaşa dolmuş xanımlarımızda şəxsiyyət pozuntusu getdiyindən etdikləri hərəkətlərin fərqinə varmırlar. Fikrimcə, hər bir insan atdığı addımda “nə istəyirəm”i düşünməlidir. Əks təqdirdə isə ortaya heç də xoş hadisələr çıxmayacaq. 

A.Ələkbərova onu da söyləyib ki, gənc qızlarımızın biri-birlərinin bəhsinə etdikləri hərəkətlər sevgi üzərində qurulacaq münasibətlərə deyil, məhz ehtiras və hisslər üzərində qurulacaq münasibətlərə gətirib çıxarır:

“Bəzi gənc qızlar Tik-Tokda bədələrinin videolarını paylaşaraq, oynayaraq özlərinə müğənni  kimi diqqət çəkmək istəyirlər. Yəni müğənniləri təbliğ edirlər. Artıq həmin qızlar gözəgəlimli olduqda əks cinsin nümayəndəsi olan sosial şəbəkə istifadəçisi ilə tanış olur. Həmin vaxt da tanış olduğu şəxsin evli, subay olmasını bilmədən onlar tərəfindən aldadılırlar.

Sonda da həmin xanıma “sən normal qız olsaydın, Tik-Toka çıxıb mənim kimi 50 oğlanla yazışmazdın” deyilir. Eyni zamanda iki-üç uşaq anası yoldaşının telefonunu götürərək bu cür sahələrə maraq göstərir. Yoldaşı gördükdə də deyir ki, “mən o oğlanla danışmamışam”, amma normalda oğlanla qoşa duet çəkib. Hazırda ailə münasibətləri heç də doğru getmir. Artıq bu məqamda psixi inika öz sözünü deyir”.