Diasporla İş üzrə Dövlət Komitəsi Türkiyədə yaşayan soydaşlarımızla görüşüb



Sentyabrın 22-də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Türkiyədə yaşayan soydaşlarımızla görüşüb.

 Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərliyi ilə İstanbulda keçirilən tədbirdə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, İstanbulda fəaliyyət göstərən Türkiyə-Azərbaycan dərnəklərinin rəhbərləri, ictimai, elm və incəsənət xadimləri, media nümayəndələri iştirak ediblər.



Tədbirin əvvəlində Azərbaycanın dövlət himni səsləndirilib.

Çıxıs edən Fuad Muradov müzakirə olunacaq məsələlərlə bağlı məlumat verib. Komitə sədri Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevin göstərişinə əsasən dünyada keçirilən tədbirlər, Azərbaycanın diaspor siyasəti və fəaliyyət istiqamətləri, bu istiqamətlərdə atılan konkret addımlar, xaricdə yaşayan azərbaycanlıların şəbəkələşməsi, müasir onlayn platformalarda birləşərək daha mütəşəkkil fəaliyyətə nail olmaq haqqında məlumat verib.

Şamil Ayrım Azərbaycan-Türkiyə münasibətlərinin dünya dövlətləri üçün bir nümunə olduğunu bildirib. Ölkələrimiz arasındakı yüksək səviyyəli əməkdaşlığı qeyd edən Ş.Ayrım Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu münasibətlərə xüsusi dəyər verməsi və onların inkişaf etdirilməsi istiqamətində əvəzsiz xidmətləri barədə danışıb.

Tədbirdə Türkiyənin bəzi bölgələrində yaşayan ermənilərin vaxtaşırı məsuliyyətsiz bəyanatlarla çıxışlarına qarşı Azərbaycan diasporunun, eləcə də bütün türk dünyasının davamlı və sistemli fəaliyyətinin təşkili ilə bağlı müzakirələr aparılıb.

Sonra Azərbaycan Diasporuna Dəstək Fondunun iş prinsipləri haqqında məlumat verilib, fondun təqdimatı ilə bağlı videoçarx nümayiş etdirilib.

Tədbir çərçivəsində ilk Azərbaycan Demokratik Respublikasının qurucularının varislərinə “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi (1918-2018)” medalı təqdim edilib.