ABŞ-ın Hərbi Dəniz Qüvvələri “UNO” videolarının həqiqiliyini təsdiqləyib


 
ABŞ Hərbi Dəniz Qüvvələri internetdə yayılan və UNO-lara (Uçan Naməlum Obyekt) aid olduğu iddia edilən videoların həqiqi olduğunu etiraf edib.

APA BBC-yə istinadən xəbər verir ki, donanmanın nümayəndəsi Joe Qradişer məxfiliyi ləğv edilmiş üç hərbi videodakı çox sürətlə hərəkət edən obyektləri “Naməlum Hava Fenomenləri” (Unidentified Aerial Phenomena -UAP) adlandırıb.

Amerikanın müstəqil “To The Stars Academy of Arts & Sciences” araşdırma şirkətinin 2017-ci ilin dekabr, 2018-ci ilin mart aylarında yayınladığı videolarda yeni infraqırmızı sensorlarla təsbit edilən cisimlər görünür.
2004-cü ildə çəkildiyi bildirilən videoda sensorlar bir hədəfə fokuslanıb. Ancaq hədəfdəki cisim sürətlə ekrandan uzaqlaşır və bir daha görünmür.
2015-ci ildə çəkilmiş digər iki videoda isə gördükləri cisimlərin nə olduğunu anlamağa çalışan hərbi pilotların səs yazısı var.
İlk videoda pilotlardan biri çaşqınlıq içində digərinə “Bu s… drondur. Aman Allah, küləyə qarşı gedirlər, buna bax”, deyir.

Joe Qradişer ABŞ-ın CNN kanalına verdiyi açıqlamada bildirib ki, “Naməlum Hava Fenomenləri” mövzusundakı şəffaflıq təcrübə keçən pilotları havada onlara təhlükə yaradan “pozuntular” haqqında məlumat verməyə təşviq etmək məqsədi güdür: “Bu, tamamilə təcrübə zonalarında tez-tez rast gəlinən UAP hadisələriylə bağlıdır. Belə pozuntular uçuşlara və əməliyyatlarımıza təhlükə yaradır”.  

O, həmçinin bildirib ki, ictimaiyyətə açıq olan videolar donanmalarının təcrübə sahələrində rast gəlinən pozuntuların çox kiçik hissəsidir: “Hərbçilərimiz terminologiya və nəzəriyyələrlə bağlı qavramlara görə videolardakı cisimlərin nə olması haqqında uzun illər hesabat verməyiblər”.

Qradişer əlavə edib ki, bu cisimlərin nə olduğunu anlamağın yeganə yolu pilotları pozuntularla bağlı hesabat verməyə təşviq etməkdir.