"Diş implantını hamıya qoymaq olmaz" - Fəsadlar yaranır

Həkim: “İmplantdan sonra məsələ bitmiş deyil. Gərək gigiyenik qaydalara əməl edilsin"



Diş implantlarının təhlükəli olduğu açıqlanıb. Məlumata görə, steril implantların səthi ideal deyil. Qeyri-üzvi birləşmələr və çox sayda kənar kimyəvi elementlərlə hopdurulma izləri var. Bu da peri-implantitin inkişafına səbəb ola bilər.

Mütəxəssislərin fikrincə, diş implantasiyası peri-implantitin yaranmasına səbəb ola bilər, lazer texnologiyalarından istifadə ümumi müalicə metodu hesab olunur.

Diş implantlarının təhlükəli olmadığını deyən həkim-stomatoloq Zəlimxan Məmmədli “Sherg.az”a bildirdi ki, bu vaxta qədər diş implantı ilə bağlı mənfi hadisələrin baş verməsinə rast gəlməyib.

Həkim sözlərinə görə, diş implantının tərkibi təmiz titandır:

“İnsan orqanizmi titana çox uyğundur. Titan orqanizm üçün tam harmonik bio-uyğunluq yaradır. Sadəcə olaraq diş implantaları zamanı müəyyən ağırlaşmalar ola bilər. Ağırlaşmaya səbəb isə xəstənin səhəti və həkimin qeyri-professional olmasından irəli gəlir. Məsələn, implant düzgün qoyulmadıqda, planlaşma işlərində qüsür olduqda bəzi problemlərın yaranması mümkündür. Xəstənin gigyenik normalara əməl etməməsi də ağırlaşmada rol oynayır”. 

Z.Məmmədli vurğulayıb ki, diş implantından sonra xüsusi qulluq lazımdır:

“İmplantdan sonra məsələ bitmiş deyil. Gərək gigiyenik qaydalara əməl edilsin, diş əti qorunsun və iltihab ocaqları yaranmasın. Xəstə pintidirsə və gigyenik qaydalara əməl etmirsə, deməli diş ətinin ətrafında infeksiyalaşma, sonra isə infeksiyanın implantla çənənin ətrafına keçməsi baş verə bilər. Bunlar müxtəlif səbəblərdən olan ağırlaşmalardır. Həkimin professionallığı, planlamanın düzgün aparılması və xəstənin gigiyenik qaydalara əməl etməsi olduqca vacibdir”.

Stomotoloq qeyd etdi ki, diş implantını hər bir xəstəyə etmək olmur:

“Peşəkar həkim bədənə uyğun olaraq implantlar təklif edə bilər. Xəstə şəkərdirsə, çənədə sümüyün yeyilməsi problemi varsa diş implantı etmək olmaz. Çünki elə implantlar var ki, sümüyün yeyilməsi prosesini daha da sürətləndirə bilir. Bəzi implantlar isə sümüyün yeyilməsinin qarşısını alır. Ona görə də təcrübəli həkim yanaşması ilə xəstənin yuxarıda qeyd etdiyim tələblərə cavab vermə harmoniyası varsa, heç bir ağırlaşma ola bilməz.

Pasiyentin ümumsistem xəstəlikləri olarsa, əks göstəriş olan bir yerə implant qoyularsa ağırlaşmalar təbiidir. Peşəkar həkim isə ümumiyyətlə belə halların baş verməsinə imkan vermir. Ümumilikdə diş implantı stomotologiyanın uğurlarından biridir. Bu sahədə günü-gündən inkişaf baş verir”.