Milli maraqlara söykənən siyasət: Prezident gördüyü işlərlə əhalinin firavanlığına xidmət edir 

Ölkə başçısı İlham Əliyevin əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi siyasət, Azərbaycanın inkişafını daha da sürətləndirir. Prezidentin inqilabi addımları sayəsində əməkhaqları, pensiyalar artırılıb, aztəminatlı ailələrin güzaranı yaxşılaşıb. 
 
İctimaiyyət nümayəndələri, ekspertlər milli maraqlara dayanan bu siyasəti təqdir edirlər. 

Millət vəkili Sahibə Qafarova Sherg.az-a Prezidentin gördüyü işləri, islahatları dəyərləndirərkən deyib ki, Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir. Onun sözlərinə görə, Azərbaycanda etibarlı sabitlik və təhlükəsizlik mühiti hökm sürür: 

“Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs Azərbaycanın iqtisadi qüdrətinin artmasını, beynəlxalq mövqeyinin möhkəmlənməsini təmin edib.  Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası ölkənin davamlı tərəqqisinə xidmət edir. Bu gün dövlət siyasətinin çox mühüm tərkib hissəsini sosial siyasət təşkil edir. Azərbaycanda səmərəli sosial siyasət həyata keçirilir, vətəndaşlar yüksək dövlət qayğısı ilə əhatə olunublar. Bu istiqamətdə mütəmadi olaraq fərman və sərəncamlar imzalanır, müvafiq qərarlar qəbul olunur.

Prezident İlham Əliyevin sosial sahə ilə bağlı inqilabi qərarları hər bir vətəndaşın və bütövlükdə cəmiyyətin rifahını təmin edir. Bununla yanaşı, Azərbaycan dünya siyasi arenasında çox mühüm nailiyyətlərə imza atıb, ikitərəfli və çoxtərəfli münasibətlərini uğurla inkişaf etdirib, mühüm transmilli enerji və nəqliyyat layihələrinin gerçəkləşdirilməsinə nail olub. Bütövlükdə, beynəlxalq aləmdə böyük nüfuz qazanan Azərbaycan regionun aparıcı dövlətinə çevrilib. Cənab Prezident daim dövlətin mənafeyini - milli maraqları rəhbər tutur, öz fəaliyyətində xalqın dəstəyinə arxalanır. Ölkə rəhbərinin gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır. Bütün bunların məntiqi nəticəsi kimi, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir, bu siyasətin inkişafa, firavan gələcəyə xidmət etdiyini əminliklə bildirir”.