“Qarabağa görə, siyasi fəaliyyətimizi də dondura bilərik”



“AĞ Partiya olaraq bizim üçün Qarabağ məsələsində, Ermənistana münasibət  məsələsində iqtidar və ya müxalifət anlayışı yoxdur”. 

Bunu “Sherg.az”a açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib. 

Partiya rəhbəri bildirib ki, onlar ümummilli məsələlərdə hər zaman dövlət maraqlarının yanında olublar, bundan sonra da elə olacaq: 

“Partiya olaraq Qarabağ münaqişəsinin həlli istiqamətində istənilən müsbət təşəbbüsü və ya addımı qeyd-şərtsiz dəstəkləyirik. Dəfələrlə qeyd etmişik ki, Qarabağa görə, partiya olaraq siyasi fəaliyyətimizi də dondura bilərik. Baxmayaraq ki, müxalif mövqeli partiyayıq, ancaq hər zaman düzə- düz, əyriyə -əyri deməyin tərəfdarıyıq. Əgər hansısa məsələ Azərbaycanın dövlət maraqlarına xidmət edirsə, dəstək veririk. Bu mənada Azərbaycanın Los-Ancelesdəki konsulluğunun Nikol Paşinyanın ABŞ-a səfəri zamanı etiraz aksiyası təşkil etməsi və müxtəlif tədbirlər keçirməsi olduqca müsbət haldır”. 

T.Abbaslının sözlərinə görə, xaricdəki diplomatik nümayəndələrin və diaspora təşkilatlarının ilk işi dövlət maraqlarını qorumaqdır: 

“Ümid edirəm ki, digər ölkələrdəki nümayəndələrimiz də öz məsuliyyətlərini dərk edərək xalqın və dövlətin maraqlarına xidmət etməyə başlayacaqlar. Əfsuslar olsun ki, bəzi diplomatlar tutduqları mövqelərdən istifadə edərək şəxsi bizneslərinin dərdinə qalırlar. Ona görə də dövlətçiliyimizə fayda verən addımı kimin atmasından asılı olmayaraq, onu dəstəkləyirik”.