Pul dilənmirik ki? - Metroların çıxışında salfet, limon, tum, corab satan qadınlar dərdlidir - REPORTAJ - FOTO

Çoxlarımız metro stansiyaları çıxışlarında salfetka, corab, gül, limon, şirniyyat məmulatları, tum və s. kimi məhsullar satmağa çalışan insanlarla qarşılaşırıq. Bəzilərimizin fikrindən “görəsən, bu insanlar nə üçün burada satıcılıq edir? Bu cür xırda-xuruş satışla nə qazanır?” kimi suallar keçir. Son günlər bu suallar məni də düşündürməyə başlamışdı.

Elə ona görə də bu bazar günü "Şərq" qəzetinin vəsiqəsini boynumdan asıb həmin insanları sorğu-suala tutdum. Əksəriyyəti bir az çəkinsə də, bəziləri sanki dərdinə dərman olacam kimi xırda fəaliyyətlərindən ağız dolusu danışdı.

"Nəvələrim ac qalmasın deyə burdayam"


İlk olaraq suallarımı cavablandıran Bakı Metropoliteninin “Gənclik” stansiyasının çıxışında kəklikotu satan Simuzər nənə bildirdi ki, dolanmaq çətindir:

“Hamı kimi burda satıcılıq edirəm. İmkanım yoxdur. Oğlum da işləmir. Üç nəvəm var. Biri oğlan, ikisi qızdır. Məktəbə gedirlər. Aldığım təqaüd çatmır. Altı nəfərik. 164 manat pensiya alıram. Həmin pul da heç yeməymizə çatmır. Ona görə gəlib burda kəklikotu satıram. Torbasını bir manata verirəm. Bəzən limon, konfet, yaz vaxtı nərgiz gülü də satıram. Bəzən günə iki, üç manat pul  qazanıram. Amma çox vaxt satış yaxşı olmur. İnsanlar bu cür malları marketdən alır. Daha buradan da pul qazanmaq olmur. Əlim, ayağım tutsa, gedib işləyərəm. Amma qocalmışam. 78 yaşım var. Tez-tez təzyiqim qalxır. Bura da zor-bəlayla gəlirəm. Amma neyləyim gəlməliyəm”.

"Belə insanlara kömək etmək lazımdır"


Simuzər nənədən kəklikotu alarkən öz fikirlərini bizlə bölüşən Samirə Əhmədova söyləyir ki, bu cür satıcıların əsas müştərisidir:

“Burada bağçada işləyirəm. Demək olar ki, bu cür yerlərdə soyuqda, istidə, günəşin altında nəsə satıb halal pul qazanmağa çalışan insanlarla qarşılaşıram. Onlara ürəyim yanır. Bəzi insanlar ağız büzsələr də, elə deyiləm. Fikirləşirəm ki, bu havada küləyin, yağışın qabağında oturub nəsə satırsa, deməli, pula ehtiyacı var. Bağçada tərbiyəçiyəm. Pulumu oradan qazanıram. Bu insanlar da burdan qazanır. Ona görə də kömək etmək lazımdır. Evdə lazım olan bəzi məhsulları burdan alıram. Çalışdığım qədər köməklik edirəm. Simuzər xanımdan iki torba kəklik otu, bir az qabaqdan da limon almışam. Aparıb bunları evimdə istifadə edəcəm. Məncə, hər kəs bir-birinə dəstək olmalıdır. Bu insanlar burda kəklikotunu, limonu, salfetkanı ehtiyacı olduğu üçün satırlar. Kimdənsə pul dilənmir ki? Halal pulunu qazanır. Ona görə də ağız burub keçmək yerinə hər kəs kömək etməlidir”.

Bazarda da satış getmir 


Simuzər nənəylə birlikdə limon satan Səhrayə Mərdanova qeyd edir ki, əlacsızlıqdan burdadılar: 

“Yoldaşım, oğlumla birlikdə Astaradan gəlmişik. Bağ-bağatda əkib-becərdiklərimizi gətirmişik. Yoldaşımla oğlum bazardadır. Gətirdiklərimizin çoxunu orada satırıq. Yoldaşıma oğlum kömək edir. Ona görə də gəlib burada limon, çay, bəzən də mandarin satıram. Bazarda yer arenda götürmək bahadır. Çatdıra bilmirik. Həm də bazarda elə bir satış da getmir. Qiymətlər bahadır deyə insanlar məhsullara yaxın durmurlar. Əlacsızlıqdan bura gəlirəm”.
Mənim də çörəyim konfetdən, şirniyyatdan çıxır.

Bakı Metropoliteninin “Memar Əcəmi” stansiyasının çıxışında konfet və müxtəlif növ şirniyyat məmulatları satan Könül Hacıyeva deyir ki, dörd-beş ildir, metro çıxışında satıcılıq edir:

“Əlbəttə ki, hər kəs kimi maddiyyata görə burdayam. Bura küləyin, yağışın, istinin qabağına evimizə çörək aparmaq üçün gəlirik. Düzdür, çətindir. Amma nə edək? Yoldaşım xəstədir. 2-ci qrup əlildir. Və ona görə verilən təqaüdlə dolana bilmirik. Məcburuq ki, birimiz evə əlavə qazanc gətirək. Uşaqlarım da məktəbə gedir. Ona görə evdə şəkərbura bişirib, torbalara qoyub burada beş ədədini bir manata satıram. Bəzən konfet, prennik, “Şəki halvası” kimi şirniyyatlar alıb, burada satıram. Düzdür, elə bir qazancımız olmasa da, gündəlik çörək pulumuzu çıxarırıq. Hər kəsin çörəyi nədənsə çıxır. Biz də şirniyyatdan, konfetdən çıxarırıq. Neyləməliyik ki? Vaxtında oxumamışıq. İndi də bacardığım budu, onu da edirəm”.

Metro çıxışında salfetka satdığıma görə heç utanmıram


Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasında gül, salfetka satan Şirinov Əhməd qeyd edir ki, evimə, uşaqlarıma çörək aparmalıyam:
“Əliləm. Ayağımın biri işləmir. Nə daşda, nə də ki, stol arxasında işləyə bilirəm. Evə, uşaqlarıma çörək pulu aparmaq üçün gəlib buralarda salfetka, tum, gül satıram. Gündəlik beş-üç manat pul qazanıram. Əlilliyə görə də təqaüd alıram. Amma o da çatmır. Xəstəyəm, iynə-dərman alıram. Elə aldığım təqaüdü də ona verirəm.

Dolanışığımız mənim burdan qazandığım və yoldaşımın 300 manatlıq maaşıyla çıxır. Uşaqlar məktəbə gedir, paltar, yemək istəyir. Onların da hər birinə pul lazımdır. Məcburam ki, gəlim burada nəsə satım. İnanın ki, utanmıram. Kimə neyləyirəm ki? Oğurluq etmirəm, kiminsə haqqını yemirəm, camaata ağız açıb pul dilənmirəm, halal pulumu qazanıram. Hərənin bir işi var. Mənim də işim burda salfetka, tum, gül satmaqdır”.

"Bazarlara girmək olmur"


Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında meyvə satan Gülbəniz Hacıyeva vurğulayır ki, pul qazana bildiyimiz tək yer buradır:

“Bakıda kirayə yaşayırıq. Oğlum tikintidə fəhlə işləyir. Qazandığı pulun çoxunu da evin kirayəsinə veririk. Evə dəstək olmaq üçün nəvəmlə gəlib burda meyvə, tərəvəz satırıq. Az da olsa, bir işimizi görə bilirik. İmkan olsa, bazarda satıcılıq edərdim. Amma olmur, alınmır. Bazara girmək üçün gərək milyoner olasan. Hər çatana pul verməlisən. Ona görə də tək ümidimiz buradır”.