Paşinyan ABŞ-da erməni diasporundan pul diləndi

Politoloq: "Ancaq bu sözlərini elə hiyləgərcəsinə dedi ki, dilənmək kimi səslənməsin"



“Ermənistanın baş naziri Nikol Paşinyan Los-Ancelesdə təşkil olunan mitinqdə Xankəndində dediyi “Qarabağ Ermənistanındır” açıqlamasını təkrarlamadı. Ancaq hər cümləsində Dağlıq Qarabağı Ermənistandan ayırmadı”. Bunu “Şərq”ə açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Ermənistanın baş naziri Nikol Paşinyanın sentyabrın 22-də Los-Ancelesə səfərini dəyərələndirən analitik Paşinyanın Amerikadakı erməni diasporasından pul diləndiyini bildirib:

“Paşinyan əvvəlcə Los-Anceles merinə və bu şəhərin şurasına Dağlıq Qarabağı “tanıdığına” görə təşəkkür etdi: “ABŞ-dakı erməni diasporunun dəstəyi olmasaydı, biz Dağlıq Qarabağdakı müharibədə qələbə çala bilməzdik”. Paşinyan diasporun Dağlıq Qarabağın arxasında dayandığını vurğuladı. Ermənistanın baş naziri diaspordan pul dilənməyi də unutmadı, ancaq bu sözlərini elə hiyləgərcəsinə dedi ki, dilənmək kimi səslənməsin. Məsələn, dedi ki, guya Ermənistanda iqtisadi canlanma var və erməni diasporu ana vətəninə yatırım qoyarsa, uduzmaz. Paşinyan maraqlı təklif də irəli sürdü ki, xarici ölkədə yaşayan hər erməni İrəvanda ev alsın”.

Siyasi şərhçinin fikrincə, erməni diasporu qazandığı pulları göyə sovurmaq istəmir:

“Xaricdə yaşayan hər erməni İrəvanda ev alsaydı, Ermənistanın beynəlxalq maliyyə təşkilatlarının yatırımlarına ehtiyacı olmazdı. Ancaq erməni diasporunun nümayəndələri hərif deyillər, ABŞ-da qazandıqları pulları göyə sovurmaq istəmirlər. “Paşinyan hakimiyyətdə nə qədər qalacaq” sualı erməni diasporunu da düşündürür. Ancaq bir məsələdə Paşinyan haqlıdır. Azərbaycan torpaqlarının işğalında erməni diasporunun rolu olub və onlar bu “fəaliyyətlərini” bu gün də davam etdirirlər. İşğal altındakı torpaqlarımızda yolların çəkilişi, evlərin tikintisi, hansısa kiçik müəssisələrin açılışının arxasında erməni lobbisinin imkanlı təmsilçiləri dayanır və təəssüf ki, biz bunu hələ əngəlləyə bilmirik”.