Deputat: "Şimal-Cənub" layihəsi Azərbaycanı mühüm nəqliyyat qovşağına çevirəcək"

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi olduqca strateji bir layihədir". Bu fikirləri Sherg.az-a açıqlamasında millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib. 

Deputat bildirib ki, Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin mühüm həlqəsi olmaqla həm iqtisadi, həm də strateji maraqlarını həyata keçirmək üçün dividentlər qazanır: 

"Layihə Azərbaycanı bu istiqamətdə mühüm nəqliyyat qovşağına çevirir. Diqqət yetirsək görərik ki, mürəkkəb regionda geostrateji qütblər arasında münasibətlərin daha da kəskinləşdiyi bir vaxtda, Azərbaycan məhz burada körpü rolunu oynamaqla özünün milli maraqlarını təmin edir. Hindistanın Mumbai limanından İranın Bəndər-Abbas limanına qədər gələn yolun davamı kimi Qəzvin-Rəşt-Astara  yolu ilə daşınan yüklərin Rusiya Federasiyasına, oradan isə Avropanın şimalındakı  ölkələrə qədər ötürülməsi heç şübhəsiz ki, nəqliyyat kommunikasiya tarixində yeni bir hadisə kimi qiymətləndiriləcək”. 

H.Babaoğlu vurğulayıb ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi  istiqamətində çox böyük həcmdə yük daşımaları var: 

“Amma bu yükdaşımaları əsas etibarilə Süveyş kanalı üzərindən realizə edildiyi üçün 45-60 gün ərzində təyinat nöqtəsinə çatdırıla bilir. Lakin “Şimal-Cənub” nəqliyyat dəhlizi işə düşdükdən sonra bu müddət cəmisi 14-20 gün olacaq ki, bu da yeni nəqliyyat dəhlizini olduqca cəzbedici bir dəhlizə çevirəcək. Çünki bu dəhliz sadəcə müddət baxımından deyil, həm də onun ətrafında  olan siyasi-inzibati coğrafiyada ümumi təhlükəsizliyinin təmin olunması baxımından da mühüm əhəmiyyət daşıyır. Azərbaycan 2005-ci ildən bu layihəyə qoşulduqdan sonra onun çox fəal iştirakçısına çevrilib. Hətta Qəzvin-Rəşt-Astara avtomobil yolunun çəkilməsi ilə bağlı kredit ayrılıb. 2018-ci ildə İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfərindən sonra bir daha Azərbaycan və İran prezidentləri arasında bu məsələnin müzakirə olunaraq təqdir edilməsi onu göstərir ki, layihə təkcə nəqliyyat kommunikasiya layihəsi deyil, həm də qonşu dövlətlə ikitərəfli münasibətlərin inkişafına yeni impulslar verəcək bir layihədir”.

Parlament üzvü bəyan edib ki, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı “Şərq-Qərb” nəqliyyat dəhlizindən sonra Azərbaycanın “Şimal-Cənub” nəqliyyat dəhlizi  üzərində mühüm qovşağa çevrilməsi çox faydalı olacaq: 

“Bu layihənin reallaşması ölkəmizin mürəkkəb strateji regionda nüfuzunu artırmaqla yanaşı, həm də iqtisadi maraqlarını təmin etmiş olacaq”.