Dualarımız Allaha çatmadı – Tanınmışlar Vurğun Əyyubun ölümünə üzüldülər - STATUSLAR

Bu gün Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçmiş sədri, ictimai-siyasi xadim, alim Vurğun Əyyub vəfat edib. 

Qeyd edək ki, V.Əyyub bir müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. 

Feysbuk sosial şəbəkəsində ictimaiyyət nümayəndələri, jurnalistlər alimin vəfatına təəssüflənərək fikirlərini yazıblar. 

Sherg.az Vurğun bəyin ölümü ilə bağlı çoxsaylı statuslardan bir neçəsini təqdim edir: 

Şair Ehtiram İlham: “Dualarımız Allaha çatmadı, Vurğun bəy...Əlvida!”


“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həzi: “Vurğun Əyyub vəfat edib. Allah rəhmət eləsin! Dəyərli bir ziyalımızı itirdik!”

İqtisadçı Samir Əliyev: “Təəssüf ki, dualarımız kifayət etmədi...Təəssüf ki, Vurğun bəyi itirdik...Təəssüf ki, dəyərini yalnız ölüm ayağında anladıq...Təəssüf ki, daha bir işıqlı insanımız bizi tərk etdi... Dəyərini biz bilmədik, təki o dünyada bilsinlər...
Allah rəhmət eləsin...”

Bütöv Azərbaycan Birliyinin sədri Aqil Səmədbəyli: “Başın sağ olsun Vətən.
Bir dəyərini də - Vurğun Əyyubu da itirdin. Çox üzgünəm...”


“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı: “Nur mənbəyi, ürəyi sevgi dolu böyük insan, Tanrı dərgahına üzüağ getdin. Əlvida, Azərbaycana, onun dəyərlərinə vurğun - Vurğun bəy!”


“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu: “Allah rəhmət etsin, sevənlərinin başı sağ olsun. Vurğun Əyyub dünyadan köçdü...”

Jurnalist Səxavət Məmməd: “Vurğun Əyyub bir dəyərdi. Çox az insanlardan idi ki, böyüklü-kiçikli, mövqeyindən aslı olmayaraq hər kəsi üzdü”

Jurnalist Xaqani Səfəroğlu: “Əlvida, həyatımızı dəyişən ADAM! Nə yaxşı ki, bizimlə oldunuz. Son iki gün göstərdi ki, ömründə xeyirxah iz qoymuş yaxşı adamları xalq heç vaxt unutmur. Böyük bir nəslin boğulmaqda olan oxumaq arzusunu rüşvət kəndirindən xilas etdiniz. Hamısı göz yaşı içindədir.
Onlar sizin haqqınızda övladlarına, nəvələrinə, nəticələrinə danışacaqlar.
Xatirəniz həmişə diri qalacaq! Siz AXC hakimiyyətinin ən danılmaz möhürü oldunuz. Bu möhür bu gün də ən savadlı və istedadlı nəslə "yaşıl işıq" yandırır. Toyda, yasda tanımadığınız adamlar dəstə-dəstə sizə yaxınlaşıb minnətdarlıq edirdilər. Buna görə sağ olacaqsınız! Nə yaxşı ki, bizimlə oldunuz! Buna görə sağ olun!”

Jurnalist Aygün Muradxanlı: “Hər insan yaxşı əməlləri ilə yüzminlərin qəhrəmanı ola bilmir. Tanrı Vurğun bəyə belə ömür yazmışdı. Prezident Elçibəy dönəminin ən parlaq hökumət üzvü kimi Azərbaycan təhsil sistemində islahatlara rəhbərlik etməsi onu Azərbaycanın qəhrənanına çevirdi. Sovetlər Birliyinin xərçəng kimi cəmiyyətə yaydığı rüşvət və qohumbazlıq bəlasını ali məktəbə qəbuldan Vurğun bəyin tətbiqinin başında dayandığı test sistemi kəsdi. Ali məktəbə qəbul prosesini illərdir inhisarlarında saxlayan qocaman təhsil dəllalları ilə kəllə-kəlləyə gəlməkdən çəkinməyən Vurğun bəy illər sonra ilk dəfə tibb, hüquq, şərqşünaslıq kimi prestijli fakültələrin qapısını atasının parasına yox, öz zəkasına güvənən gənclərin üzünə aça bildi. Tanrı da cənnətin qapılarını səninçün elə açsın, Vurğun bəy. Taybatay...”

Politoloq Hikmət Hacızadə: “Vurğunumuz vəfat edib. Əlvidə dostum. Görüşənə qədər!”


Yazıçı Şərif Ağayar: “Peyğəmbər kimi doğuldu, peyğəmbər kimi öz missiyasını yerinə yetirdi və peyğəmbərdən çox yaşamağa ar elədi...”


“525-ci qəzet”in redaktoru Yusif Rzayev: “Bu dünyadan köçəndə insanların onun haqqında yalnız sevgi ilə danıması arzusu yəqin ki, hər kəsin qəlbinin bir küncündə yatır. Amma hər kəsə də nəsib olmur... Ruhun şad olsun, özüylə bir dünya sevgi aparan Adam - Vurğun Əyyub!”


ReAL Partiyasının funksioneri Natiq Cəfərli: 

Bir qonağam bu dünyada,
Bir gün ömrüm gedər bada,
Vurgunu da salar yada
Düz ilqarlı bizim dağlar

Səmədin sözləri Əyyuba da yaraşır. Allah rəhmət eləsin...


“Şərq” qəzetinin kollektivi V.Əyyubun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!