Millət vəkili: "Beynəlxalq layihələrdə iştirakımız ölkəmizin etibarlı tərəfdaş imicini formalaşdırır"

“Yaxın müddətdə istifadəsi nəzərdə tutulan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ölkəmizin tranzit potensialını daha da artıracaq”. Bunu Sherg.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, Azərbaycan regiondan keçən beynəlxalq layihələrin təşkilatçısı və iştirakçısıdır: 

“Dünya xəritəsində ölkəmizin yerləşdiyi yer qitələri birləşdirən beynəlxalq nəqliyyat dəhlizlərdə iştirak imkanlarımızı genişləndirir. Bu nəqliyyat dəhlizləri Avropanı Asiyaya birləşdirməklə Şimal-Cənub və Qərb-Şərq istiqamətlərində uzanır. Ələt Beynəlxalq Dəniz Limanının və Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi bu istiqamətdə beynəlxalq tranzit yük daşımalarda Azərbaycanın iştirak imkanları çoxaldıb. Dəhliz Hindistandan Rusiyaya yüklərin daşınmasında Azərbaycanın iştirakını reallaşdıracaq. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması ilə bağlı razılaşma 2000-ci ildə Rusiya, İran və Hindistan arasında əldə olunsa da, sonradan 13 ölkə bu sazişi ratifikasiya edib. Azərbaycan isə 2005-ci ildən bu layihəyə qoşulub”. 

Parlament üzvünün sözlərinə görə, Şimal-Cənub nəqliyyat dəhlizinin istifadəyə verilməsi, gələcəkdə bu dəhliz vasitəsilə 20 milyon tona yaxın yükün ölkəmizin ərazisindən keçirilməsinə imkan verəcək: 

“Bu nəqliyyat dəhlizinin başa çatması və ölkəmizin ərazisindən keçməsi sazişin bütün iştirakçıları üçün əhəmiyyətli olacaq. Çünki “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin istifadəyə verilməsi yüklərin Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya çatdırılma müddətini 6 həftədən 3 həftəyə qədər azaldacaq. Hazırda Rusiyadan Fars körfəzinə Azərbaycan üzərindən daşınan yüklər İran ərazisində qatarlardan boşaldılaraq avtomobil nəqliyyatı vasitəsi ilə daşınır.  Bu da əlavə vaxt və xərc tələb edir. Amma "Şimal-Cənub" nəqliyyat dəhlizinin başa çatması yük qatarların birbaşa İran körfəzinə qədər çatmasına imkan verəcək”.

A.Badamov “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizini istismara verilməsinin ölkəmiz üçün siyasi və iqtisadi əhəmiyyəti olduğunu vurğulayıb: 

“Siyasi əhəmiyyəti ondan ibarətdir ki, beynəlxalq layihələrdə ölkəmizin iştirakı Azərbaycana bir etibarlı tərəfdaş imicini formalaşdırır. Etibarlı tərəfdaş kimi tanınmağımız gələcəkdə böyük beynəlxalq layihələrdə iştirakımızı təmin edir. Bizimlə tərəfdaşlıq etmək istəyən ölkələrin sayı artır. İqtisadi tərəfinə gəlincə, təbii ki, tranzit yük daşımalar ölkə büdcəsinə çoxlu valyuta gətirir və ölkə iqtisadiyyatının möhkəmlənməsinə töhfə verir. Düşünürəm ki, müəyyən çətinliklərə baxmayaraq, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi yaxın gələcəkdə başa çatacaq və bu da dünyada Azərbaycanın bir etibarlı tərəfdaş kimi rolunu artıracaq”.