"Konfetin dadına baxmamağınız xahiş olunur" - Market bu elanında haqlıdırmı?

Bakıdakı bəzi marketlər konfet vitrinlərinin üzərinə “konfetin dadına baxmamağınız xahiş olunur” şəklində qadağa bildirişi qoyublar. Əhali isə bu qadağadan narazılıq edir.

Onlar bildirirlər ki,  həm mentalitet, həm də vərdiş olaraq bazardan, mağazadan nəsə aldıqda ilk olaraq məhsulun dadına baxır, bəyəndikdə də alırıq. Ona görə də marketlərin belə bir qadağasını doğru hesab etmirik”.

Məsələyə münasibət bildirən sosioloq Lalə Meharalı “Sherg.az”a söyləyib ki, mentalitet, vərdiş baxımından bu məsələdə əhali haqlıdır:

“Doğrudur, marketlərin bu təşəbbüsü xoş deyil. Fikirimcə, onların belə bir addım atmaqlarının iki səbəbi var. Birincisi, marketlər dadı yaxşı olmayan məhsulları bu yolla satmaq istəyə bilərlər. Yəni alıcı həmin məhsulun dadına baxıb, bəyənməyərək almayacaq. Məhsulun satılması üçün belə bir addım atmaq olar. İkinci tərəfdən də  market sahibi məhsulların həddindən çox dadına baxılmasının qarşısını almaq istəyə bilər.

Məsələn, market gün ərzində 20 kiloqram konfet satırsa, onun iki-üç kiloqramı dadına baxılarkən yeyilir. Yəni iqtisadi mənfəət üçün belə bir qadağa qoya bilər. Amma istənilən halda bu qadağanı etik hesab etmirəm. Lakin bəzi insanlar nəsə alan zaman az miqdarda yox, bir az çox məhsulun dadına baxmağa çalışır. Buna görə də marketlər belə bir addım atamağa məcbur qalır”.