"Əsrin müqaviləsi" özündən sonra böyük tarixi hadisələr doğurdu

20 sentyabr 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə “Əsrin müqaviləsi” imzalanıb. Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr Azərbaycanda “Neftçilər günü” peşə bayramı kimi rəsmiləşdirilib.  Ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində 1994-cü il sentyabrın 20-də “Əsrin kontraktı”nın imzalanması Azərbaycanın güclü iqtisadi potensialının formalaşmasında müstəsna rol oynayıb. Yalnız xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi. 

1994-cü il sentyabrın 20-də Bakıda Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi yenicə müstəqillik qazanmış Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. “Əsrin müqaviləsi” adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması müstəqil Azərbaycanın iqtisadi inkişaf  konsepsiyasını təşkil edən ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. 

“Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmiz yeni inkişaf erasına daxil oldu. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən neft strategiyası ölkəmizi lider ölkələr səviyyəsinə yüksəltdi. Azərbaycanın neft ehtiyatlarının dünya bazarına çıxarılması ilə bağlı məsələlər həll edildikdən və 2006-cı ildə Bakı Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildikdən sonra, böyük Azərbaycan qazının Avropa qitəsinə nəqli ciddi müzakirə mövzusuna çevrilib. 

Bu layihələr sayəsində Azərbaycanın regionda və Avropada əhəmiyyəti artdı. Azərbaycan Avropanın və dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan ciddi beynəlxalq tərəfdaşdır. Neft müqavilələrindən əldə edilən gəlir Azərbaycanın simasını büsbütün dəyişib. Əldə edilmiş gəlir sosial layihələrə, elm, təhsil, mədəniyyətin inkişafına yönəldilmiş qara qızıl “insan kapitalı” naminə istifadə edilib. Bir sözlə, əsrin müqaviləsi ilə qoyulan təməl Azərbaycanın firavan gələcəyini təmin etdi.

“Əsrin müqaviləsinin” ölkəmizə verdiyi töhfələrlə bağlı Sherg.az-a danışan “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev söyləyib ki, 1994-cü ildə müqavilənin uğurla imzalanması müstəqil Azərbaycanın sonrakı taleyində müstəsna rol oynadı.

Baş redaktor bildirib ki, kontrakt müstəqil dövlətimizin iqtisadi əsaslarını yaradan və dövlətçilik tariximizin ən böyük iqtisadi-beynəlxalq sənədi kimi qiymətləndirilə bilər:

“O dövrün beynəlxalq münasibətlər sistemini və ölkədaxili vəziyyəti təhlil edəndə müqavilənin uğurla imzalanmasını həqiqətən siyasətimizin böyük nailiyyəti kimi qiymətləndirmək lazımdır. Çünki dünyanın müxtəlif ölkələrinin timsalında bir neçə faktları müqayisə aparmaq olar. Həmin zamanlar ölkəmizin tarixi üçün son dərəcədə önəmli və beynəlxalq sazişlərin imzalanması ərəfəsində ciddi hadisələr baş verirdi. Hətta hakimiyyət dəyişikliyinin belə baş verməsi faktları var. Amma ümummilli lider Heydər Əliyevin sayəsində bu kontrakt uğurla imzalandı. Beləliklə Azərbaycanın ən böyük sərvəti olan neftin dünya bazarlarına çıxarılması, onun gəlirlərinin üstündə ölkənin iqtisadi modelinin qurulması, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi baş verdi. Bir sözlə "Əsrin müqaviləsi" özündən sonra böyük tarixi hadisələr doğurdu. Bu saziş müstəqil Azərbaycanın tarixində ən böyük və iqtisadi beynəlxalq sənəddir. Yerdə qalan digər neft müqavilələri məhz bu sazişin açdığı beynəlxalq platformanın üzərində formalaşa bildi”.