Lombardlarda neqativlər var: Şərtlər heç bir halda müştərinin xeyrinə deyil

Azərbaycanda lombard kreditlərinin verilmə müddəti artırılacaq. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. O bildirib ki, “Lombardlar haqqında” qanun layihəsinin üzərində işçi qrup tərəfindən iş aparılır.

“Qanun layihəsi üzərində bir neçə məsələ var ki, biz ona toxunmuşuq. Bunlardan biri lombardlar tərəfindən kreditlərin on iki aydan artıq olmayan müddətə verilməsidir. Niyə bu müddət 2, 3 il olmasın? Fikirimcə, bu sahədə müəyyən işlər görülməlidir. Qeyd edək ki, yeni qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin deputatları lombardlar tərəfindən kreditlərin 1 il müddətinə verilməsinə etirazlarını bildiriblər.  Deputatlar bu müddətin artırılmasını təklif edir.

Məsələni şərh edən iqtisadçı ekspert Elçin Bayaramlı “Sherg.az”a bildirib ki, lombard kreditlərinin müddəti əlbəttə artırılsa, yaxşı olar:

"Millət vəkilinin də bildirdiyi kimi, bu müddət minimum iki-üç il olmalıdır. Çünki bir il ərzində əksər insan lombarddan aldığı krediti qaytara bilmir. Lakin burada əsas problem bu deyil. Lombardalarımızda bir çox xoş olmayan hallar var. Bunlardan birincisi kredit faizlərinin çox yüksək olmasıdır. İkincisi də, girov müqabilində az pul verilir. Həmçinin lombardların şərtlərinin heç bir halda müştərinin xeyrinə deyil. Bu şərtlərlə müddətin uzadılması müştərini daha da ağır vəziyyətə salacaq”.

İqtisadçı onu da vurğulayıb ki, bir çox lombardlar qəfil yoxa çıxır:

“Nə qədər axtarış olunsa da, onları tapmaq mümükün olmur. Nəticədə də xeyli adamın qızıl-zinət əşyaları əldən çıxır. Fikirimcə, lombardlarla bağlı məsələlər kompleks şəklində ətraflı müzakirə olunmalı və bu sahədə tənzimlənmələr aparılmalıdır”.