Düşmən xislətindən əl çəkmir: Rəsmi İrəvanın PUA dezinformasiyasının arxasında başqa məqsəd dayanır

Erməni separatçıları iddia ediblər ki, guya sentyabrın 25-də Dağlıq Qarabağ səmasında Azərbaycan ordusuna məxsus pilotsuz uçuş aparatını vurublar. Lakin Azərbaycan Müdafiə Nazirliyi dərhal açıqlama verərək xəbərin dezinformasiya xarakteri daşıdığını, milli ordumuza məxsus heç bir pilotsuz uçuş aparatının vurulmadığını bəyan edib. Belə olan halda erməni separatçılarının yalan xəbərinin arxasında nə dayanır? 

Düşmənin uydurma xəbərini səbəbini Sherg.az-a dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, məsələnin mahiyyəti erməni separatçılarının dezinformasiyasının mətnində üzə çıxır. 

Ekspertin sözlərinə görə, düşmən tərəf iddia edir ki, “neytrallaşdırdıqları” pilotsuz uçuş aparatı İsrail istehsalıdır: 

Politoloq: "Ermənistan müxtəlif addımlarla İsrail-Azərbaycan münasibətlərini korlamağa çalışır"


“Bu məlumatın yayınlanmasının arxasında erməni separatçılarının və İrəvanın gizli niyyəti dayanır. Ermənistan hökuməti İsraildə səfirlik açmağa qərar verib. Ona görə də İrəvan isti-isti İsraillə münasibətləri yeni mərhələyə qaldırmaq istəyir. Elə bu məqamda xəbər yayırlar ki, Azərbaycana məxsus İsrail istehsalı olan pilotsuz uçuş aparatını “vurublar”. Bunun ardınca daha bir yalan xəbər yayılır ki, bir müddət əvvəl Azərbaycan tərəfi israilli mütəxəssisləri pilotsuz hava aparatlarını Dağlıq Qarabağ səmasında sınaqdan keçirməyə məcbur edib. Daha sonra 2016-cı ildəki məlum olayı da xatırladırlar ki, Azərbaycan ordusu İsraildə istehsal olunan pilotsuz uçuş aparatı vasitəsilə Dağlıq Qarabağa yardıma tələsən avtobusa zərbə endirib”. 

Analitik bildirib ki, ermənilərin yaydığı xəbərin ikinci hissəsi doğrudur, bunu Azərbaycan da inkar etmir. Ancaq xəbərin birinci hissəsi təxribat xarakteri daşıyır:

“Ermənistan müxtəlif addımlarla İsrail-Azərbaycan münasibətlərini korlamağa çalışır. Elə İrəvanın növbəti dezinformasiyası da, yəni İsrailin pilotsuz uçuş aparatını “vurması” Tel-Əvivə Azərbaycana silah satmamağı məsləhət mahiyyəti daşıyır”.