Elnarə Abdullayeva: "Aşıq Əli heç mənim yanımdan keçə bilməz"

 "Kasıbam, kəndçiyəm, «zato» mərdəm, dürüstəm"



Tanınmışlar arasında umu-küsülük, inciklik zaman-zaman gündəmə gəlir. Bu dəfə aşıq Əli Tapdıqoğlu ilə Əməkdar artist Elnarə Abdullayeva arasında soyuqluq yaranıb. Buna səbəb xanəndənin "Xanımdan aşıq olmaz" sözləri olub. Əli açıqlamasında Abdullayevanı tanımadığını deyib: "Kim nə deyir, nə demir, mənə önəmli deyil. Heç bilmirəm ki, belə söz deyilib və elə adam var. Mənə o adam haqqında sual verməyin. İndiki şou-biznesdə elə kişilər var ki, xanım qeyrəti onda yoxdur. Xanım var ki, döyüşə gedir: Həcər, Nigar. İndi real həyatımızda da qəhrəman xanımlarımız var. Həmin xanım haqqında danışmıram.  

Kim ki, kənara çəkilir, ortalıqda olmur, bu üsuldan istifadə edir. Bir mövzu atırlar, bunun ətrafında hamı ad çəkməlidir. Əslində belə şeylərə reaksiya vermirəm. Bilirsiz ki, biznesdə varam, amma şouda yoxam".

Məsələ ilə bağlı Əməkdar artist Elnarə Abdullayeva ilə əlaqə yaratdıq. «Şərq»in suallarını cavablandıran xanəndə aşıq Əlinin onu tanımamasına reaksiyası ironiya dolu oldu:

"Mən o adamın nə açıqlama verdiyini və nə dediyini bilmirəm. Əslində bu mənim üçün qəti maraqlı da deyil. Yəni inciyibsə, nəyə incidiyini də yəqin özü bilir, mən bilmirəm. Əvvəla, o, kimdir ki, mənimlə onun arasında söz-söhbət olsun? İkincisi, mənim heç kimlə aramda söhbət ola da bilməz. Nə mən o səviyyənin, o savadın və o mədəniyyətin sahibi deyiləm ki, kiməsə hörmətsizlik edim. Nə də kimsə mənə qarşı çaşa bilər.  Qaldı məni tanımamağına, məni savadı, elmi olanlar, musiqi dünyasından xəbəri olan insanlar tanıyır. Savadsız insan, Azərbaycan musiqisindən xəbərsiz olan biri məni tanıya bilməz axı. Bilmirəm kim nə deyir, mən cəsarətlə deyirəm ki, kim məni tanımırsa, demək, Azərbaycan musiqisindən xəbəri yoxdu ki, tanımır. Həqiqətən, nəyə görə bu açıqlamanı verib, nədən inciyib bilmirəm. Siz dediniz, mənim üçün də maraqlıdır ki, qarnının ağrısı nədir. Sən kimsən ki, barəmdə söz deyəsən? Konsert vermirsən konsertinin qabağına keçim, elmli insan deyilsən ki, elminin qabağına keçib yolunu kəsim. Ümumiyyətlə nəsən ki, mənim sənlə işim olsun. Mənim heç kimlə işim olmayıb, kiminsə işinə pəl vuran insan deyiləm. Nə ola bilər? Mənim hər kəlməm niyə müzakirə olur. 3 il qabaq dedim ki, müğənni qız almaram, hamı bu sözdən bərk yapışıb. Almaram da. Burda nə var ki, kim istəsə alsın, Allah xeyrini versin. Demişəm, əcəb etmişəm. 5 il əvvəl də ANS-in efirində olanda demişəm ki, qadından aşıq olmaz. Bu söz çürüyüb e. Azərbaycan musiqi tarixinin bu günündə heç bir oğlan, kişi yoxdur ki, mənimlə döş-döşə gəlib, desin ki, bu sözü niyə demisən? Demişəm, yaxşı etmişəm. Kimə nə? Sən də de ki, qadından xanəndə olmaz. Mən də ifamla sənə cavab verim.

Mənim üçün o insanın açıqlaması həqiqətən maraqlı deyil. Aşıqlıq savadı olmayan, musiqi, muğam savadı olmayan biri məni tanıya bilməz axı. Qaldı deyir ki, kimsə kənara çəkilib, sonra gündəmə gəlməyə çalışır. Mən nə kənara çəkilmişəm, nə də gündəmdən gedirəm. Gündəmi mən yaradıram, mənim gündəmə ehtiyacım yoxdu. Mən elə səhnənin mərkəzində dayanmışam. Kimin cəsarəti çatır, mənimlə səhnədə vuruşsun. Mənim musiqi savadım bəs edir, ayağımın bildiyini musiqi aləmində əksəriyyətinin başı bilməz. Qaldı mənim ümumiyyətlə həyat tərzimə, mənim elədiklərim göz önündədir. Elədiklərimi heç bizim musiqi tarixində heç kim etməyib. Əxlaqımla qazandığım hörməti hər sənətçi qadın qazanmayıb. İstər musiqi savadımla, sənətimlə, həmçinin də xeyriyyə əməllərimlə etdiklərimin yarısını bütün sənət adamları yığılsa etməyib, edə də bilməzlər. Bunu cəsarətlə deyirəm. Allahın mənə qismət etdiyi xeyriyyə işini ki, mən reallaşdıra bilmişəm, onu hamınız musiqi səhnəsində yığışasız, edə bilməzsiz. Ötən əsrlərdə Xan qızı Natəvan oldu ki, xeyriyyə işi ilə ad qoydu tarixdə, su çəkib millətinə, elinə-obasına dəstək olub. 21-ci əsrdə də Elnarə Abdullayeva bunu edib. Mən 100-lərlə ailəyə rahat sudan istifadə üçün şərait yaratmışam. Mən qadınlığımla dağ yarıb su çəkmişəm. Daha başqa işlərimi deməyə ehtiyac qalmır. Kişilərin çoxu var ki, bu ürəyə sahib deyillər. Ona görə də mənim üçün maraqlı deyil ki, məni tanısınlar. Məni tanıyanlar tanıyır, özünü tanımayan məni necə tanıya bilər ki? Qaldı gündəmə, mənim adımı çəkib gündəmə gələnlərə yazığım gəlir. Axı sən kimsən ki? Qaldı kimsəyə paxıllıq etməyə, gündəmə gəlməyə nə ehtiyacım var? Kim mənə çatıb ki, mənim yerim dar qalsın, paxıllıq edim? Bunun açıqlamasını istəyirəm. Mənim boyda səhnədə kim iş görüb ki, mənim gözüm onda qalsın. Sarayda 3 gün muğam konsertini kim verib ki, mən o sənətçiyə paxıllıq edim ki, mən arxada qaldım. Əvvəl bileti satdırın, 3 gün konsert verin, görüm gələn olar? Mən Allaha şükr edən insanam, heç kimə qismət etmədiyi sənəti, xeyriyyəçiliyi mənə verib. Niyə kiməsə paxıllıq edim? Buna ehtiyacım var ki? Yenə deyirəm, hamısı  yığılsın, mənim əməllərim ki var, Allah yolunda edirəm, onu heç kim edə bilməz. Ay bala, siz bədbəxtsiz həqiqətən. Mənim boyda olmalısan ki, məni tanıyasan. Mənim boyda olmayan mənimlə bir səviyyədə ola bilməz. Tam səmimi deyirəm ki, aramızda nə isə olmayıb, mən ən azı bilmirəm. O insan yel olub mənim yanımdan keçə bilməz, onun niyə iyləndiyini də bilmirəm. Paxıllığından istər kişisi, istər qadını ölür? Öləndə sənətiniz böyük olar? İstəsəniz də mən olmayacaqsız. Kasıbam, kəndçiyəm, «zato» mərdəm, dürüstəm. Mənim telimi qaldıra biləcək oğul yoxdu, varsa, çıxsın qabağıma. Ay Allah, mənim haqqımda danışıb özünü gündəmə gətirən bədbəxtlər, danışın ki, yada düşəsiz. Mənimlə gündəmə gələnlər, var olun, Allah köməyiniz olsun!».