"Şimal-Cənub" nəqliyyat dəhlizinin əhəmiyyəti: Bu layihə Azərbaycana böyük iqtisadi və siyasi dividentlər qazandıracaq

“Azərbaycan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi infrastrukturunu davamlı surətdə təkmilləşdirir. Bunu son bir neçə il ərzində dəhlizin reallaşması istiqamətində görülən mühüm işlər təsdiqləyir. Bu nəqliyyat dəhlizi  bütün Avrasiya regionu üçün yeni imkanlar açacaq”.

Bu sözləri Sherg.az-a millət vəkili Sevinc Fətəliyeva söyləyib.

Xanım deputat deyib ki, sözügedən layihə Hindistandan gələn yüklərin gəmi vasitəsilə Süveyş kanalından keçib, Ümid burnunu dolanaraq İranın Bəndər Abbas limanına çatdırılmasını, buradan da onların dəmir yolu vasitəsilə Azərbaycan ərazisindən keçməklə Rusiya və digər ölkələrə ötürülməsini nəzərdə tutur: 

"Azərbaycan bu layihədə də fəal iştirak edərək onu milli maraqların təmin edilməsi baxımından əlverişli hesab edir. Bu nəqliyyat dəhlizinin fəliyyəti nəticəsində Avrasiya məkanında ölkələrin bir-biri ilə qarşılıqlı əlaqələri genişlənəcək. Layihə qonşu ölkələrin iqtisadi, siyasi sahədə əməkdaşlığını gücləndirəcək və onları dəmir halqalar kimi bir-birinə bağlayacaq. Belə ki, nəqliyyat dəhlizinin  istifadəyə verilməsi möhkəm sistem yaradaraq Avrasiya ölkələrinin qarşılıqlı əlaqələrinin genişlənməsində mühüm rol oynayacaq.

Bunun nəticəsində Azərbaycanın Fars körfəzinə, Oman dənizinə, Hind okeanına, Afrika ölkələrinə çıxışı asanlaşacaq, Rusiya və Mərkəzi Avropa ilə əməkdaşlıq imkanları xeyli artacaq. Azərbaycan tranzit ölkə kimi böyük iqtisadi səmərə ilə yanaşı, həm də böyük siyasi dividendlər əldə edəcək. Ölkəmiz regionda aparıcı mövqeyini daha da möhkəmləndirəcək".