Deputat: "Şimal-Cənub" layihəsi həm strateji, həm də iqtisadi baxımdan ölkəmiz üçün əhəmiyyətlidir"

2000-ci ildə İran, Rusiya və Hindistan tərəfindən “Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi” layihəsi yaradıldı. Layihənin yaradılmasında məqsəd dövlətlər arasında nəqliyyat əlaqələrini inkişaf etdirməkdir. 2005-ci ildən etibarən layihənin önəmli parçasına çevrilən Azərbaycan, son illərdə üzərinə götürdüyü bütün vəzifələri icra edib. İran sərhəddinə qədər dəmir yolu infrasturukturunun yenilənməsi təmin edilib.

Azərbaycanın Şimal-Cənub layihəsindən qazanacağı dvidentlər barədə Sherg.az-a danışan millət vəkili Tahir Kərimli bildirdi ki, ölkəmiz qlobal kommunikasiya xətləri ilə bağlı Ermənistanı bütün proyektlərdən, o cümlədən Şimal-Cənub dəhlizi xəttindən kənarda qoyub:

“Bu ən böyük nailiyyətdir. Rusiyadan İran ərazisinə, Hinditsana gedən bütün dəmir yolu xətlərinin hamısı Azərbaycandan keçir. Ölkəmizin bu layihədə ən böyük rolu ondan ibarətdir ki, Ermənistan bu xəttin öz ərazisindən keçməsini istəyirdi. Amma Ermənistanla İran arasında yüksək dağlıq sahələr var idi. Bunu həyata keçirmək üçün 3 milyarda yaxın pul tələb olunurdu və 100-dən çox tunel qazmaq lazım idi. Amma Azərbaycan dəmir yolu xəttinin bərpası üçün İrana faizsiz olaraq yarım milyard pul ayırdı. Biz vaxtından əvvəl Astara çayına kimi bütün dəmir yolu və ona paralel yolları bərpa etdik. İnfrasturukturumuz tam hazırdır”. 

Deputat qeyd edib ki, Azərbaycan "Şimal-Cənub" layihəsində mühüm element olaraq iştirak edir:

“Azərbaycan Qərb-Şərq xəttində mühüm logistika mərkəzidir. Hindistanın, Pakistanın hətta Çinin "Şimal-Cənub" nəqliyyat dəhlizinə böyük marağı var. Çünki yuxarı yollarla deyil, aşağı yollarla, yəni İrandan keçən yollarla gəlib Avropaya və yaxud Sankt Peterburqa kimi getmək mümkündür. Bəzən iqtisadi və şəxsi münasibətlər dövlətlərarası münasibətlərdən çox faydalı olur. Çünki Ermənistan rəhbərliyi dəfələrlə Hindistana, Çinə səfərlər etdi, onları Azərbaycanla dostluqdan imtina etməyə səslədi. Amma Çin strateji və siyasi cəhətdən Azərbaycanı müdafiə edir. Eyni zamanda ölkəmizə ciddi əhəmiyyət verir. Çinin təkcə "Şərq-Qərb" dəhlizinə deyil, həm də "Şimal-Cənub" dəhlizinə maraq göstərməsi Azərbaycanın qazanacağı maddi vəsaitləri ortaya qoyur. Ona görə də "Şimal-Cənub" layihəsi həm strateji, həm də iqtisadi baxımdan ölkəmiz üçün əhəmiyyətlidir”.