Ermənistanın siyasi və hərbi istəblişmenti arasında ziddiyyətlər... - Politoloq


“Robert Köçəryanın həbsdə saxlanılması Rusiya və Ermənistan arasında gərginlik yaradan səbəblərdən biridir”. 

Bunu “Sherg.az”a Ermənistandakı siyasi durumu dəyərləndirərkən politoloq Nəzakət Məmmədova söyləyib. 

Onun sözlərinə görə, hazırkı Ermənistan iqtidarı bununla Rusiyaya meydan oxuyaraq onun əlaltılarını cəzalandırmaqdan çəkinmədiyini nümayiş etdirir:



“Artıq Ermənistan siyasi və hərbi istəblişmenti arasında hakimiyyət mübarizəsi şəklində təzahür edən dərin ziddiyyətlər aşkar surətdə müşahidə olunur. Və bu hal getdikcə şiddətlənməkdədir.

Bu mübarizə, o cümlədən Paşinyan - Köçəryan mübarizəsi iki siyasi lider arasında deyil. Bu həm də  ABŞ,  Avropa və Qərbdəki erməni diasporu ilə Rusiya arasında gedən savaşdır. Köçəryanı həbsdə saxlamaqla Paşinyanı təlimatlandıran, ona hərtərəfli dəstək verən Qərbə Rusiyaya geri çəkilməyəcəyi mesajını verir.

Lakin Rusiyanın buna münasibəti olduqca mənfidir. Biz bunu Rusiyanın Ermənistana dövlət səviyyəsində təzyiqi və Putinin şəxsən Paşinyana olduqca mənfi münasibəti kimi qiymətləndiririk.

Burada diplomatik protokol və nəzakət qaydalarının mütəmadi görməzdən gəlinməsi fonunu da müşahidə edirik. Rusiya prezidenti onun sadiq adamlarının həbsinə sərt reaksiya verir və bunu gizlətmir.

Paşinyan bir az da irəliyə gedərsə, ona qarşı ən sərt halda xəbərdarlıq olunacaq. Paşinyanın sonu ABŞ - Rusiya geosiyasi nüfuz savaşının Ermənistandakı nəticəsindən asılı olacaqdır. Onlardan hansını dəstəkləyən böyük güc mərkəzi məğlub olarsa, onun dəstəklədiyi və onları dəstəkləyən siyasətçilər hərbi tribunal qarşısında müttəhim kürsüsüsndə əyləşərək, cinayətkar kimi mühakimə olunacaqlar.