"AXCP Azərbaycan qadınlarından üzr istəməlidir" - YAP Qadınlar Şurası tədbir keçirdi   

Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının təşkilatçılığı ilə “Cəmiyyətdə qadın hüquqları” mövzusunda dəyirmi masa keçirilib.

Sherg.az-ın xəbərinə görə, tədbirdə deputat Məlahət İbrahimqızı, Azəri-Türk Qadınlar Cəmiyyətin sədri Tənzilə Rüstəmxanlı, siyasi partiyaların və QHT-lərin qadın üzvləri, media nümayəndələri iştirak edib.

Deputat Məlahət İbrahimqızı bildirib ki, Azərbaycan qadınının hər zaman ailədə böyük rolu olub:

“Ölkəmizin qadınları ailə bütövlüyünün qorunmasında hər zaman fədakarlıq göstərir. Qadına qarşı zorakılıq yolverilməzdir. Azərbaycan qanunvericiliyində qadınlarla bağlı müddəalar öz əksini tapıb. Qadın haqları insan hüquqlarının fövqündədir. Bu günlərdə mətbuatda qadına qarşı zorakılıq olduğu barədə məlumatlar yayılıb. Biz qadınlara qarşı olan zorakılıqları qınayırıq. Azərbaycan cəmiyyətində bir qadına qarşı şiddətin törədilməsi bizi narahat etməyə bilməz. Hesab edirəm ki, cəmiyyətimizdə qadınların həmrəyliyinə böyük ehtiyac var".

Məlahət İbrahimqızı AXCP-nin sədr müavinliyindən istefa vermiş Fuad Qəhrəmanlının ailəsində nümayiş etdirdiyi zorakılığı pisləyib. Deyib ki, AXCP bu hərəkətə görə Azərbaycan qadınlarından üzr istəməlidir: "Bu hərəkət Azərbaycan qadınlarının adına bütün dünyada mənfi təsir göstərir. Ona görə də, partiya Azərbaycan qadınlarından üzr istəməlidir".

Azəri-Türk Qadınlar Cəmiyyətin sədri Tənzilə Rüstəmxanlı isə deyib ki, ailədə həmişə sevgi və sayğı olmalıdır:

“Həmin hadisə məni üzdü. Bu hadisənin mərkəzində duran siyasi iqtidara iddiası olan şəxsdir. Ona görə bu məsələni müzakirə edirik. Bu kimi məsələlərə ictimai qınaq olmalıdır. Bir siyasi iqtidara iddialı adamın hərəkətləri məni hürküdür. Mən onlardan çox çəkmişəm. Onlar ağıza almayacaq səviyyədə söyüşlər söyürlər, təhqirlər edirlər. Bizim qadınlarımız dünyada ən gözəl şeyləri haqq edir. Bizim qadınlarımıza qarşı zorakılığı qınayırıq. Heç kimin təhqir və söyüşlərindən qorxmadan sözünüzü deməkdən çəkinməyin".