Şiddətə dəstək yolverilməzdir: AXCP rəhbərliyi haqlı olaraq qınanılır

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının ailəsinə baş verənlər cəmiyyəti ayağa qaldıran bir hadisə oldu. Baş verənlərlə bağlı gedən müzakirələrdə bildirildi ki, AXCP sədri Əli Kərimli və ətrafı şiddəti, qəddarlığı dəstəkləyir.

Məsələ ilə bağlı Sherg.az-a danışan siyasi şərhçi, tanınmış jurnalist Azər Həsrət hadisənin çox təəssüfləndirici olduğunu deyib.

Ekspert vurğulayıb ki, siyasi mövqeyindən asılı olmayaraq hansısa azərbaycanlının ailəsinə belə hadisənin baş verməsi xoş deyil:

“Bəzən deyirlər ki, baş verənlər özəl ailə məsələsidir və müzakirə olunmamalıdır. Amma Fuad Qəhrəmanlı sıradan bir vətəndaş olsaydı, məsələn, dağda qoyun otaran bir çoban, ya da küçədə süpürgəçilik etsəydi, mən də bu məsələnin müzakirəsinin tərəfdarı olmazdım. Amma Fuad Qəhrəmanlı siyasi xadimdir, üstəlik müxalif partiyanın sədr müavinidir, adı tez-tez siyasi məsələlərdə hallanır. Əlbəttə, belə şəxsin həm də ailəsinin içindəki durum cəmiyyət üçün çox maraqlıdır. Ona görə də cəmiyyət onun ailəsində baş verən hadisəni müzakirə etməkdə və qınamaqda haqlıdır. Bu baxımdan heç kim iddia etməsin ki, baş verənlər özəl ailə məsələsi olduğuna görə gündəmdən çıxarılmalıdır”.

A.Həsrət bildirib ki, sözügedən hadisənin 2009-cu ildən başlayaraq davam etdiyi ortaya çıxıb:

“Bütün bu müddət ərzində Fuad Qəhrəmanlı insan və qadın haqlarından ağızdolusu danışırdı. Onun bu durumunu, üzv olduğu təşkilatın rəhbəri Əli Kərimli də bilirmiş. Üstəlik Əli Kərimlidən xahiş edilib ki, münaqişəni yoluna qoymaq üçün öz nüfuzundan istifadə etsin. Təbii ki, Fuad Qəhrəmanlının xanımı və qızları bu məsələdə Əli Kərimlinin köməyinə bel bağlayırmışlar. Amma təəssüflər olsun ki, gənc qızın sözü ilə desək, Əli Kərimli bu məsələdə "qonşu arvadı" rolunu oynamağa üstünlük verib. Yəni siyasi partiya lideri və nüfuzlu bir şəxs kimi problemi yoluna qoymaq yerinə, hadisəni ört-basdır edib. Bu da siyasi liderə yaraşan bir hal deyil”.

Analitik qeyd edib ki, Əli Kərimli ən adi məişət münaqişəsini belə həll edəcək gücdə deyil:

“Ya da həll etmək istəmir. O, münaqişədən özünün siyasi məqsədələri üçün istifadə etməyə üstünlük verib. Hadisədən xəbəri olub, problemin çözümündə öz nüfuzundan istifadə edərək, onu yoluna qoymağa çalışmayan Əli Kərimli qınanmalıdır. Təbii ki, Fuad Qəhrəmanlı bundan sonra ictimai-siyasi fəaliyyətlə məşğul olmayacaq. Çünki istənilən halda onun qarşısına sual çıxacaq ki, “əgər sən dövlətin kiçik modeli olan ailədə hansısa problemi yoluna qoya bilmirsənsə, cəmiyyət önündə danışmağa haqqın yoxdur”. Baş verən hadisə özəl məsələ olaraq arxaya itələnməməlidir. İctimai-siyasi fəaliyyəti ilə göz önünüdə olan, cəmiyyət üçün barəsində daha çox bilgi ehtiyacı duyulan bir şəxsdən söhbət gedir. Ona görə də bəzən belə şərhlər verəndə kimlərsə bizi ittiham etməli deyil”.