İnamsızlıq var: Heç kim mənzilini könüllü sığorta etmək haqqında düşünmür

Halbuki, ən azından 1 illik 50 manat dəyərində icbari sığorta etdirmək lazımdır


Həm də bizim əhalidə sovet psixologiyası hələ də qalmaqdadır ki, bir hadisə baş versə, hökumət kompensasiya edəcək



Türkiyədə baş vermiş zəlzələ mənzillərin sığortası problemini gündəmə gətirib. Xatırladaq ki, son sutka ərzində İstanbulda 200-dək yeraltı təkan qeydə alınıb. Türkiyənin vitse-prezidenti Fuat Oktayın sözlərinə görə, baş vermiş zəlzələ nəticəsində 473 binaya ziyan dəyib. Bundan başqa, F.Oktay 34 nəfərin xəsarət aldığını bildirib.

Zəlzələ zamanı hansı qaydalara riayət edilməli olduğunu vətəndaşlara anladan mütəxəssislər mənzillərin sığortalanmasının üzərində xüsusilə dayanırlar. Baxmayaraq ki, Türkiyə sığorta məsələsində xeyli təcrübəyə malikdir və vətəndaşlar da sığorta olunur, yenə də problem qalmaqdadı. Əsasən də “gecəqondu” adlanan mənzillərdə. Bu mənzillərin heç bir sənədi olmadığı üçün sığorta şirkətləri ilə müqavilə bağlamaq mümkün olmur.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov “Şərq”ə açıqlamasında sığortanın vacib olduğunu, lakin bizdə bu təcrübənin formalaşmadığını bildirdi:

- Təəssüf ki, bizdə nə sığorta ənənəsi, nə də təcrübəsi formalaşıb. Əgər sığorta şirkəti binaya gəlib sakinlərlə söhbət aparır, onları sığortanın vacibliyinə inandıra bilirsə, bəli, bu halda mənzillərini sığortalamağa razılaşırlar. Amma könüllü şəkildə kiminsə sığorta şirkətinə getməsi, mənzilini, evini sığortalaması nadir hallarda baş verir. Mənzil girov qoyulanda, yaxud da alqı-satqıya çıxarılanda icbari sığorta olunur. Adi vaxtlarda isə heç kim sığorta haqqında düşünmür. Ən azından 1 illik 50 manat dəyərində icbari sığorta etdirmək lazımdır. Çünki heç kim təbii fəlakətlərdən, daşqın, zəlzələdən, Allah göstərməsin, yanğından sığortalanmayıb. N.İbrahimov vətəndaşların mənzillərin sığorta etdirməməsinin bir səbəbi kimi  sığorta şirkətlərinə inamsızlığı da vurğuladı:  

- Sığorta şirkətlərinə inamsızlıq da səbəblərdən biridir. Sığorta şirkətləri də insanlarla işləmir, passiv fəaliyyət göstərirlər. Həm də bizim əhalidə sovet psixologiyası hələ də qalmaqdadır ki, bir hadisə baş versə, hökumət kompensasiya edəcək. Amma MTK-ların inşa etdiyi müasir yaşayış komplekslərinin, vətəndaşların fərdi evlərin hökumətə nə aidiyyəti? MTK-lar da binanı tikib təhvil verdikdən sonra aralanıb gedirlər. MTK-lar tikdiyi binalarda sakinlər özləri idarəçiliyi təşkil etməli, sığorta məsələsini də həll etməlidirlər. Çünki binanın idarə olunması artıq sakinlərin üzərinə düşür. Yaxud da binalara nəzarət edən komendantlar sakinlərlə söhbət aparmalı, mənzil sığortasının vacibliyinə onları inandırmalıdır. Vətəndaş bilməlidir ki, sabah, Allah eləməmiş, mənzili ilə bağlı gözlənilməz bir hadisə baş verdikdə, sığortası yoxdursa, küçədə qalacaq. Sığorta isə dəyən ziyanı qarşılaya bilər.