Vasif Məhərrəmli: "Bu gün sənətdən xəbərsizləri ulduz edən sosial şəbəkələrdi"

Bəzi mahnılar, bəzi musiqilər var ki, bir dəfə səslənməklə müğənninin vizit kartına, səhnə vəsiqəsi almasına vəsilə olur. «Bakılı qız»la da Əməkdar artist Vasif Məhərrəmli peşəkar səhnəyə vəsiqə almış oldu. İllər ötür, mahnılar yenilənir, repertuar zənginləşir, ancaq Vasif Məhərrəmlinin adı çəkiləndə «Bakılı qız» yenə yada düşür. Yəqin bu uğur da hər sənətçinin qisməti deyil. «Şərq»in budəfəki qonağı da «Bakılı qız»la səhnəyə möhürünü vuran Vasif Məhərrəmli oldu.

Əməkdar artist səhnənin müqəddəsliyindən danışarkən od püskürdü. Bayağı müğənnilərə sərt mesajlar ünvanladı.

- Azərbaycan səhnəsinə əvvəllər gəlmək daha çətin idi. Bu gün Azərbaycan səhnəsi çox kasıb, bəsit görünmür? 

- Səhnə müqəddəsdir. Səhnə gözəllikdir, özəllikdir. Yenə qeyd edirəm, hər səhnə əsl sənət adamı üçün məbəddir. Hər zaman peşəkarlar və təsadüflər olub. Ora yaraşmayan, səhnənin rəngini solduran insanlar zaman-zaman gəlib gedəcəklər. Bu gün günah nə səhnədədir, nə efirlərdə, nə də mətbuatdadır. Bu gün sənətdən xəbərsizləri ulduz edən sosial şəbəkələrdi. Günahkar ancaq sosial şəbəkədir. Feysbuk, instaqram, youtub üzərindən məşhur olanlar, təəsüf ki, özlərini ulduz hesab edir. Bu gün sosial şəbəkələr bağlansın və instaqram paylaşımı olmasın, onlar yağışdan sonrakı göbələk kimi çürüyüb gedəcəklər.

- Hesab etmirsən ki, səhnəni çirkin göstərən həmin müğənnilər yetərincə çoxalıb, az qala böyük səhnələrə ayaq açıblar?

- Mən desəm də, deməsəm də, xalq bu fərqi çox gözəl görür. Sənətkarı da tanıyır, instaqram üzərindən məşhurların da sənətinin nə qədər olduğunu bilir. Əslində onlar səhnəyə çıxmaqdan utanmalıdırlar. Özlərinə müğənni deyəndə xəcalət çəkməlidirlər. Amma təəssüf nə xəcalət çəkəni var, nə də abrına bükülüb səhnədən gedəni. 

- El şənliklərində, cəmiyyət arasında çox olursan. Onlara münasibəti də görməmiş deyilsən.

- El şənliklərindən söhbət saldınızsa, mənim iştirak etdiyim, mənim idarə etdiyim el şənliklərində, məclislərində həmin instaqram, youtub müğənnilərini görə bilməzsiz. Onların heç biri qətiyyən elə məclislərdə olmur. Mənim iştirak etdiyim məclislərdə Manana Çaparidze, Zamiq, Röya, Xumar, Ədalət kimi müğənnilər olur. Adını çəkmədiklərim də oldu. Yəni keyfiyyətli ifa təqdim edən müğənnilər mənim idarə etdiyim  məclislərimdə yer alır. Yerdə qalan «üzdəniraq» müğənnilər sanballı toylarda olmur. Səhnədən iraqlar mən olan məclislərə dəvət edilmir, ola da bilməzlər. Çünki mənim tamaşaçı kütləm aşağı səviyyəli musiqiləri dinləmir. 

- Bayağı mahnılar da dəbə düşüb…

- Bayağı mahnı yoxdu əslində, bilirsiz necədir? İfaçı mahnını bayağı təqdim edəndə o mahnı «qıjı» mahnılar sırasında yer alır. Əminliklə deyirəm ki, keyfiyyətli müğənnilər ki var, onlar o mahnını təqdim etsələr, bayağı görünməz. Mən özüm o bayağı deyilən mahnını oxuyaram, çox gözəl də səslənər. Yəni ifa mahnını bayağı edir. Mənə ən bayağı mahnını verin, oxuyum, görün o necə səliqəli, peşəkar təqdim olunar. 

- Eyni sözü Xalq artisti Samir Cəfərov da qeyd etdi…

- Samir Cəfərov peşəkar musiqiçidir, savadlı vokalistdir, pedaqoqdur. Təbii ki, o sözü səbəbsiz demir. Zamanında İbrahim Tatlısəsin də janrını bəyənmirdilər, arabesk musiqi indiki dildə desək, bayağı görünürdü. Amma İbrahim o janrda olan mahnıları o qədər mükəmməl ifa etdi ki, arabesk musiqiyə bir dəyər yarandı. İbrahim səsi, sənəti təqdimatı ilə o janrı gətirib bir nömrəli musiqi edə bildi. Demək ki, ifaçının təqdimatı vacibdi. Müğənni özü bayağıdırsa, ifası necə keyfiyyətli səslənə bilər?

- Zamanında «Bakılı qız» və bu kimi mahnılardan sonra «Sənsizlik» oxudun. Bəziləri bu janrda olan musiqini sənə yaraşdırmasalar da, ifa özünü təsdiqlətdi.

- Təbii ki, tənqid olmalıdır və bundan qorxmaq düzgün deyil. Vaxt var idi, Alim Qasımovun tərzini qəbul etməyənlər oldu, onu xanəndə kimi qəbul etmirdilər. Alim Qasımov ifası ilə bütün tənqidlərin üstündən xətt çəkə bildi. Elə məni də o janrda görə bilməyənlər, sonralar sevdilər, ifada səliqə varsa, o, qəbul olunur. Hətta sonralar o janra müraciət edənlərin də sayı çoxaldı. Təqdimatı doğru etmək lazımdı. Mən bunu bacarıram. Amma elə janr var ki, mən o janra müraciət etmərəm. Məndə alınmaz. Deyək ki, musiqili meyxanalara müraciət etmərəm. 

- Niyə meyxanalı musiqilərə bu qədər tələbat varkən, Vasif bu janra müraciət etmir?

- Mən özümü bu janrda, o repertuarda görmürəm və görməyəcəm də. Mən təkcə musiqi seçimi ilə bağlı bu fikirdə deyiləm. Necə ki, demişəm, yenə deyirəm ki, bütün dünyada dəbdə ancaq cırıq şalvar olsa da, mən o cırıq şalvarı geyinmərəm, çünki özümü o şalvarda görə bilmirəm. Özümü cırıq şalvarda görmədəyim kimi eynən də musiqili meyxanada görə bilmirəm.