Qarabağ danışıqları imitasiya xarakterlidir: Rəsmi İrəvan sülhdə maraqlı deyil

“Rəsmi Bakı hər nə qədər çalışsa da Paşinyan komandası ilə substantiv danışıqlar aparmaq mümkün olmur”. Sherg.az-ın xəbərinə görə, bu barədə siyasi ekspert Zaur İbrahimli Sherg.az-a bildirib. 

Analitik vurğulayıb ki, Qarabağ nizamlanmasında qeyri-müəyyənlik davam edəcək: 

“Qarabağ nizamlanması çərçivəsində XİN başçılarının görüşlərini və Minsk Qrupu həmsədrləri ilə müzakirələri danışıqlar yox, təmaslar adlandırsaq daha düzgün olar. Rəsmi İrəvanın danışıqlar prosesinin formatı və məzmununu dəyişməyə cəhdlər etməsi Paşinyan komandasının özlərini sığortalamağa xidmət edən manevrdir. Ermənistandakı daxili siyasi vəziyyət və Paşinyan komandasının üzləşdiyi çətinliklər hazırda ciddi müzakirələr və substantiv danışıqlar üçün ciddi məhdudiyyətlər yaradır. Paşinyanın Qarabağla bağlı məsələlərdə müstəqil qərar vermək, hansısa ciddi addımlar atmağa nə siyasi legitimliyi, nə siyasi dəstəyi, nə də ictimai etimadı var. Buna görə də, Qarabağ separatçılarını danışıqların “müstəqil tərəfi” kimi təqdim etməklə, populist çağırışlarla özünü sığortalamağa çalışır. “Qarabağ klanı” ilə qarşıdurmada olan Ermənistan baş bazirinin yaxın perspektivdə onların müqavimətini qıracağını gözləməyə dəyməz. Mövcud vəziyyət Qarabağ məsələsində Paşinyanı Serj Sarkisyandan da radikal mövqe tutmağa vadar edib. Məhz buna görə, ilk vaxtlar xalqlar arasında etimad yaradılmasından danışan Paşinyan bu mövzunu tamamilə “unudub”.



Zaur İbrahimli: "Rusiya Paşinyanı möhkəmləndirəcək heç bir təşəbbüsün reallaşmasına imkan verməməyə çalışacaq"


Ekspert bildirib ki, Paşinyan hakimiyyətdə qaldığı müddətdə Rusiya Qarabağ münaqişəsinin həlli üçün heç bir ciddi təşəbbüs göstərməyəcək: 

“Rusiya Paşinyanı möhkəmləndirəcək heç bir təşəbbüsün reallaşmasına imkan verməməyə çalışacaq. Rusiyanın MDB məkanında dondurulmuş münaqişələrə baxışı Qarabağ nizmlanması kontekstində ciddi təhlil edilməlidir. Rusiya XİN başçısı Lavrovun “Kommersant” qəzetində dərc olunan müsahibəsində bununla bağlı çox açıq mesaj var. Xüsusən, Ukrayna ilə bağlı sərgilədiyi mövqe Moskvanın postsovet məkanındakı münaqişələrlə bağlı universal yanaşması hesab oluna bilər. Eyni zamanda Donald Trampın gəlişi ilə Vaşinqtondan ərazi iddilarına məruz qalan respublikalara münasibətdə dəyişiklik hiss olunur. Təəssüf ki, bu, bizim maraqlar kontekstindən qəbuledilməzdir. Trampın Ukrayna prezidentinə Rusiya ilə dil tapmağa çalışmasını tövsiyyə etməsi ABŞ-ın universal yanaşması kimi dəyərləndirilə bilər. Bütün bunlar o nəticəyə gəlməyə əsas verir ki, Qarabağ nizamlanmasında qeyri-müəyyənlik hələ orta perspektiv üçün davam edəcək”.