AXCP funksionerindən Əli Kərimliyə ŞOK ittihamlar: "Gənclərimizi aldadaraq, özünün çirkin oyunlarına qurban verməkdədir" - VİDEO

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nəzarət Təftiş Komissiyasının sədri Aydın Əliyev partiya üzvlərinə video-müraciət ünvanlayıb. Sherg.az-ın xəbərinə görə, A.Əliyev sosial şəbəkədəki hesabında canlı yayıma çıxaraq cəbhədaşlarına belə bir müraciət etmək məcburiyyətində qaldığı üçün təəssüfləndiyini bildirib: "Məni yaxşı tanıyırsız, bilirsiz ki, 1989-cu ildən etibarən Xalq Hərəkatının fəal üzvü olmuşam.

2015-ci ildə AXCP-nin qurultayında NTK-nın üzvü, sonradan isə sədri seçilmişəm. Sonradan bildim ki, mənim kimi təmiz, dürüst adamın bu vəzifəyə seçilməsi partiya sədri Əli Kərimlinin ürəyincə olmayıb. Patiyadaxili maliyyəni, xaricdən gələn qrantları ancaq öz nəzarətində saxlayaraq, oğlunun xarici ölkələrdə ərəb şahzadələri kimi yaşamasına sərf edən Əli Kərimlini, mənim kimi düzgün adam qane etməyib. İndi başa düşürəm ki, mən və mənim kimi yüzlərlə cəbhəçi sədr tərəfindən aldadılıb. O bizim hər birimizdən öz şəxsi mənafeyi üçün istifadə edib". 

A.Əliyev vurğulayıb ki, Ə.Kərimli sözdə demokratiya uğrunda "mübarizə" apardığını desə də, əslində partiya daxilində sərt diktatura rejimi yaradıb:

"Fərqli düşünənləri, onun antidemokratik hərəkətlərinə etiraz edənləri ən çirkin üsullarla ləkələyir, böhtanlara məruz qoyaraq təşkilatdan uzaqlaşdırır. Əziz cəbhəçilər, Ə.Kərimli bizi və xalqımızı bir siyasi dələduz olaraq aldadır. O, bu gün də gənclərimizi aldadaraq, özünün çirkin oyunlarına qurban verməkdədir. Sizin bir çoxunuz Ə.Kərimlinin partiyanın nizamnamə və məramnaməsinə zidd olan əməllərindən xəbərdarsınız. Sadəcə bunu dilə gətirməkdən çəkinirsiniz. Bu gün Ə.Kərimli və əlaltıları çirkin oyunları ilə məni də AXCP-dən istefa verməyə məcbur edirlər. Buradan bildirmək istəyirəm ki, istefa verməyəcəm. AXCP-də olan əqidəli, xalqımızı sevən insanlarla birgə Əli Kərimlinin partiyadaxili diktaturasına, çirkin oyunlarına qarşı mübarizə aparacam. Ə.Kərimlinin bütün xəyanətkar əməllərini ifşa edəcəyik. Çalışacağıq ki, AXCP sədrinin ikiüzlü siyasətini açıb ortaya qoyaq. Onun əslində xalqımıza qarşı hansı xəyanətlərə yol verdiyindən hər kəs xəbərdar olmalıdır". 

Partiya yetkilisi Ə.Kərimliyə üz tutaraq bildirib ki, bu illər ərzində apardığı çirkin, xəyanətkar oyunlar yetər:

"Partiyada yaratdığın diktaturaya son qoy! Cəsarətin və mənliyin çatırsa istefa ver! Qoy partiya üzvləri özlərinə gənc, savadlı, xalqını sevən sədr seçərək, demokratik cəmiyyət uğrunda iş görsünlər. Mən bilirəm ki, bu müraciətimdən sonra Ə.Kərimlinin göstərişi ilə onun əlaltıları mənə qarşı böhtan və şər kampaniyasına başlayacaqlar. Amma bunlara əhəmiyyət verməyərək, qabaqcadan onlara səslənirəm. Haqq və ədalətliliklərini itirməsinlər. Bir gün onlar da Ə.Kərimlinin çirkin oyunlarına alət edildiklərini anlayacaqlar".