Parlamentdə Qarabağ komitəsi yaradılsın! - TƏKLİF

Milli Məclisdə Qarabağ komitəsi yaradılmalıdır. Bu təkliflə Milli Məclisin plenar iclasında deputat Tahir Kərimli çıxış edib.

O qeyd edib ki, daimi fəaliyyət göstərən Dağlıq Qarabağ komitəsi yaradılmalıdır.

T.Kərimli bildirib ki, Azərbaycanın öz torpaqlarını azad etmək hüququ var: “Bizim hər gücdən istifadə etmək səlahiyyətimiz var. Biz ermənini deyil, erməni bizi düşmən seçib. Bizə düşmən gözü ilə baxanlarla milli barışıq, “xalq diplomatiyası”nı qəbul etmirəm”.

Deputat əlavə edib ki, ATƏT-in Minsk Qrupu buranı rəqs meydançasına çevirib: "Minsk qrupunun rəqsə gəlməyi və bizim taleyimizi rəqs diplomatiyasına çevirməsi mənə çox toxunur. Əvvəl şahmat diplomatiyasına oxşadırdılar, indi də rəqs diplomatiyası... Gəlib vals oynayıb gedirlər. Minsk Qrupunun yaradılması səhv addım idi”.

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisdə Qarabağ komitəsinin yaradılması təklifinə münasibət bildirib.

S.Novruzov deyib ki, Qarabağ komitəsi yaransa, o halda millət vəkillərinin hamısı Dağlıq Qarabağ komitəsinin üzvü olmaq istəyəcək: “Bu Vətən hamımızındır və kiməsə bu halda komitəyə üzvlüklə bağlı qadağa qoymaq da düzgün olmayacaq. O baxımdan Qarabağ problemini kiçik bir çərçivəyə salmağı düzgün saymıram. Prezident İlham Əliyev hər gün bu məsələ ilə məşğuldur. Biz bu məsələləri millət vəkilləri olaraq təmsil olunduğumuz beynəlxalq təşkilatlarda qaldırmalıyıq”.