"Rəsmi Tehran Ermənistanla əlaqələrində Bakının mövqeyini nəzərə almalıdır" - Politoloq

“Son zamanlar İranda ideoloji bir cərəyanın təbliğinə başlanıb. Cənub qonşumuzda tez-tez vurğulanır ki, farslarla ermənilər eyni mənşəlidir”. 

Bunu Sherg.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. 

Siyasi şərhçi vurğulayıb ki, hətta ermənilərlə farslar arasında tarixi bağlar yaratmaq üçün ciddi tədqiqat aparanlar, bununla bağlı saxta tezislər irəli sürənlər də var: 

“Bu tezisləri əlində bayraq tutan siyasi qüvvələr Ermənistana hər cür yardım göstərilməsini tələb edirlər. Heç kimə sirr deyil ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistan, İran tərəfindən uzun illər boyu ərzaq və enerji ilə təchiz olunub. Eyni zamanda hərbi-siyasi əlaqələrin genişlənməsində Tehran böyük rol oynayıb. Müharibənin ən ağır günlərində ermənilər üçün Araz çayı üzərindən körpülər salan da İran olub. Daha sonra həmin körpü dəmir konstruksiyalarla yenilənib. Əfsuslar olsun ki, İrəvan küçələrində və bazarlarında İranda yaşayan soydaşlarımız da görülməkdədir. Hətta İrəvan bazarlarını çox vaxt “Azərbaycan bazarı” adlandırırlar. Çünki orada Azərbaycan dilində danışan xeyli ticarətçi var”.

Analitik vurğulayıb ki, Ruhaninin oktyabrın 1-də Ermənistanda keçiriləcək Avrasiya İqtisadi Birliyinə maraq göstərməsi təsadüfi deyil: 

“İran bununla Rusiya və Ermənistan başda olmaqla, bir çox respublikalar ilə əlaqələri genişləndirmək fikrindədir. ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar İranı boğmaqdadır. Bilirsiz ki, hazırda İranın Avrasiya İqtisadi Birliyində müşahidəçi statusu ilə təmsil olunması gündəmdədir. Ermənistan siyasi rəhbərliyi ilə aparılan danışıqlarda İrəvanla qarşılıqlı ticarət əlaqələri barədə müzakirələr gedə bilər. Amma Ermənistanın İran bazarına çıxartmağa ciddi məhsulu yoxdur. Tehran isə Ermənistana lazım olan bütün növ məhsulları göndərmək gücündədir. Lakin bu, qarşılıqlı ticarət əlaqələri deyil, İran tərəfinin işğalçı ölkəyə birtərəfli yardımıdır. Ermənistan İran üçün əhəmiyyətsiz bazardır. Tehran hökuməti Ermənistandan Qərbə qarşı bir plastdarm kimi istifadə edir. Bütün hallarda Rəsmi Tehran Ermənistanla əlaqələrində Bakının mövqeyini nəzərə almalıdır"

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani oktyabrın 1-də Ermənistanda keçiriləcək Avrasiya İqtisadi Birliyində iştirak etmək üçün İrəvan gedəcək. Ruhani ilə Ermənistan rəhbərliyi arasında bir sıra məsələlərin müzakirə olunacağı da deyilir.