Vətəndaşın rahatlığına hesablanan addım: Şəxsiyyət vəsiqəsinin verilməsinin asanlaşdırılması müsbətdir

Noyabr ayının 1-dən “ASAN xidmət” mərkəzlərində vətəndaşların şəxsiyyət vəsiqəsi yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq veriləcək. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı nazir, general-polkovnik Vilayət Eyvazov şəxsiyyət vəsiqələrinin verilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması ilə bağlı əmr imzalayıb. Məlumatda vurğulanıb ki, ümumən Daxili İşlər Nazirliyinin fəaliyyətinin bütün istiqamətlərində vətəndaşlara yüksək standartlara uyğun xidmətin göstərilməsi üçün zəruri tədbirlər görülür. 

Vətəndaşların uzun müddətdir gözlədiyi mühüm qərarı Sherg.az-a dəyərləndirən “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bunun çox əhəmiyyətli məsələ olduğunu deyib. 

Ekspertin sözlərinə görə, Azərbaycanda hərəkat azadlığı var və istənilən şəxs ölkənin bütün bölgələrində işləyə, yaşaya bilər: 

“Müəyyən müddətdən sonra özümüz və ya övladlarımız üçün şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi tələb olunur. Bu zaman qeydiyyatda olduğumuz rayona getmək tələb olunur ki, bu da müəyyən problemlər yaradır. Əlavə vaxt və xərc sərf olunur. Bilirsiz ki, dövlət orqanları tərəfindən göstərilən xidmətlərdə ən vacib məsələ müştəri məmnunluğu, şəffaflığın təmin edilməsi, vaxta qənaət və xərclərin azaldılmasıdır. Bu baxımdan şəxsiyyət vəsiqəsinin istənilən ASAN xidmət mərkəzlərində verilməsi və ya dəyişdirilməsi çox əhəmiyyətlidir. Dəyişiklik vətəndaşların rahatlığını təmin edəcək və insanlar məmnun qalacaq. Bu bir daha göstərir ki, aparılan siyasətin təməlində ölkə vətəndaşının məmnunluğu dayanır”.

Ə.Nuriyevin sözlərinə görə, ötən müddət ərzində bunun reallaşmaması bir sıra problemlərlə bağlı idi: 

“Proses bütün ölkə üzrə tam elektronlaşmamışdı. Artıq bütün şəxslərin fəaliyyəti, bir yerdən başqa yerə köçməsi ilə bağlı müvafiq qurumlarda, o cümlədən DİN-də məlumat bazası mövcuddur. Ona görə də yeni sistemin tətbiqi mümkün hala gəlib. Yeni nəsil şəxsiyyət vəsiqələri çıxıb. Bir çox üstünlüklərə malik həmin şəxsiyyət vəsiqələri ilə çoxsaylı əməliyyatları icra etmək mümkün olacaq. Bu yenilik də insanların rahatlığını təmin etmək baxımından çox mühümdür”.