“Əhalinin yaşayış səviyyəsi və sosial rifahı yüksəlir”

Oktyabrın 1-də Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən növbəti siyahıyaalınmada iştirak edib. Və ölkə başçısı siyahıyaalma və sorğu vərəqələrinin suallarını cavablandırıb.Prezident qeyd edib ki, bu, hər bir ölkə üçün çox önəmli tədbirdir. Azərbaycanda da siyahıyaalınma tədbirləri müntəzəm olaraq keçirilir. Son dəfə 10 il bundan əvvəl keçirilib: 

“Əlbəttə, bu 10 il ərzində ölkəmizdə çoxlu dəyişikliklər baş vermişdir. İlk növbədə, demoqrafik vəziyyət daha da yaxşılaşdı. Bu il biz 10 milyonuncu vətəndaşın dünyaya gəlməsini təntənə ilə qeyd etmişik. İşsizliklə bağlı görülmüş tədbirlər öz səmərəsini verir, vətəndaşların sosial rifahı yaxşılaşır. Təkcə bu il minimum əməkhaqqı təxminən iki dəfə artırıldı. Həmçinin pensiyalar, tələbələrin təqaüdləri, müavinətlər artırıldı. Yəni sosial-iqtisadi inkişaf demoqrafik inkişafla uzlaşır və bu da təbiidir.

Əlbəttə, müstəqillik dövründə Azərbaycanın əhalisi təxminəm 3 milyon artmışdır. Bu da bizim mövqelərimizi möhkəmləndirir, ölkəmizi gücləndirir. Eyni zamanda, qarşımıza yeni çağırışlar çıxır. Siyahıyaalınma bizə daha dəqiq və müfəssəl məlumat verəcək. Baxmayaraq ki, biz ölkəmizdəki prosesləri yaxından izləyirik və bu proseslər müsbət istiqamətdə gedir. Siyahıyaalma 10 gün ərzində keçiriləcək və bu gün artıq bu proses başlayır. Əminəm ki, 10 gün ərzində Azərbaycan əhalisinin tam şəkildə siyahıyaalınma prosesi başa çatacaq və bizə iqtisadi inkişafla, infrastrukturla, miqrasiya və əmək resurslarının artımı ilə bağlı yeni məlumat verəcək ki, gələcək inkişafımızı necə planlaşdıraq. Bizdə əmək resursları artır. Əlbəttə ki, tədbirlər gərək bu artıma uyğun olsun”.

Vətəndaşların sosial rifahının doğrudan da yaxşılaşdığını söyləyən millət vəkili Aydın Hüseynovun "Sherg.az"a bildirdiyinə görə,  Prezidentin son aylar imzaladığı fərman və sərəncamlar təsdiq edir ki, vətəndaşların sosial problemlərinin həlli dövlət başçısının diqqət mərkəzindədir:

“Ölkəmizdə əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca prioritetlərindən biridir. Azərbaycanın sosial-iqtisadi inkişafı konsepsiyasına uyğun olaraq, vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən məqsədyönlü və sistemli tədbirlər həyata keçirilir. Sosial siyasətin təməl prinsipində güclü iqtisadiyyat dayanır.

Bu mənada hesab edirəm ki, bütün istiqamətlərdə müavinətlərin artırılması, problemli kreditlərlə bağlı məsələnin həllinə dair göstəriş və s. addımlar əhalinin sosial rifahının yüksəldilməsinə sağlamlaşdırıcı təsir göstərir ki, bu da vətəndaşların həyatında özünü büruzə verir. Bir sözlə, dövlət başçısı öz fəaliyyəti ilə hər dəfə təsdiqləyir ki, o, hər bir azərbaycanlının Prezidentidir”.

Parlament üzvü diqqətə çatdırıb ki, Prezidentin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” imzaladığı fərman da olduqca əhəmiyyətlidir:

"Ötən dövr ərzində bəzi çoxmənzilli yaşayış binalarının sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərin hüquq və maraqları nəzərə alınmadan aparılmışdı ki, bu da, öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün etmişdi. Lakin Prezident İlham Əliyev insanların bu narahatlığına da son qoydu.

Həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə fərman imzaladı. Bu fərman çox böyük sevinclə və rəğbətlə qarşılandı. Artıq Azərbaycanda sənədsiz və qeydiyyatsız bina qalmayacaq. Mənzil sahibləri bir daha sənəd problemi ilə qarşılaşmayacaqlar".

A.Hüseynov onu da diqqətə çatdırıb ki, şəhid ailələrinə, müharibə əlillərinə diqqət və qayğı dövlətin ali məqsədidir:

Ölkəmizdə ərazi bütövlüyümüz uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev sosial cəhətdən qayğıya ehtiyacı olanların mənzil-məişət şəraitinin və onlarının rifahının yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Bir sözlə, müharibə veteranlarına və şəhid ailələrinə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Təkcə bir faktı qeyd edək ki, şəhid ailələrinə, müharibə əlillərinə fərdi ev və mənzil və avtomobillər hədiyyə edilir. Dövlət başçımız bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirməkdə davam edir. Əminəm ki, müstəqil Azərbaycan yaşadıqca bu addımlar davam edəcək”.