Həmsədrlərin fəaliyyəti əcaib şəkil alıb: "Minsk Qrupunun tərkibinin dəyişdirilməsinin vaxtıdır"

“Tahir Kərimlinin parlamentdə “Qarabağ komitəsinin “yaradılması təklifi günün tələbidir”. Bunu Sherg.az-a açıqlamasında politoloq, Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. 

Ekspert bildirib ki, ATƏT-in Mİnsk Qrupu Qarabağ münaqişəsinin həlli istiqamətində həlledici rol oynaya bilmir: 

“Minsk Qrupunun Fransa və Rusiyadan olan həmsədrləri daha çox münaqişənin dondurulmuş vəziyyətdə saxlanmasına xidmət edirlər. Amerikalı həmsədrlərin işğal olunmuş ərazilərin və ilk növbədə ətraf rayonların qaytarılması barədə dəfələrlə bəyanatları gündəmə gəlsə də, buna dəstək verən yoxdur. Minsk Qrupunun fəaliyyətsizliyi barədə rəsmilərimiz dəfələrlə etirazını bildirib. Ancaq bu qurumdan imtina üçün heç bir rəsmi mövqe ortaya qoyulmayıb. Konkret olaraq Minsk Qrupunun fəaliyyəti çox əcaib şəkil alıb. Həmsədrlər bir neçə il davam edən çalışmalardan sonra müəyyən format təqdim edirlər. Lakin Ermənistan tərəfi formatı rədd etdikdən sonra vasitəçilər sıfırdan başlayaraq, yeni həll variantları barəsində düşünməyə başlayırlar. Yəni proses belə davam edir”. 



Analitik: "Münaqişənin həlli üçün daha 3 ölkənin - Almaniya, Türkiyə və Pakistanın aktiv şəkildə prosesə qoşulması vacibdir"


Analitikin sözlərinə görə, Minsk Qrupunun bu formatda və tərkibdə fəaliyyəti  davamlı sülh müqaviləsinin bağlanmasına xidmət etmir: 

“Tahir bəy çox doğru olaraq bildirir ki, Minsk Qrupunun yaradılması səhv addım idi. Artıq uzun illərdir biz, bu mənasız qurumun girovuna çevirilmişik. Formatın və tərkibin dəyişdirilməsi üçün rəsmi fəaliyyətə keçməyin zamanıdır. Hesab edirəm ki, münaqişənin həlli üçün daha 3 ölkənin - Almaniya, Türkiyə və Pakistanın aktiv şəkildə prosesə qoşulması vacibdir. Deputatın “Qarabağ komitəsinin yaradılması” təklifi bu istiqamətdə fəaliyyəti daha da artırmaq üçündür. Milli Məclisdə yaradılacaq xüsusi Komitə daimi fəaliyyət göstərməklə beynəlxalq statusa malik ola bilər”. 

Qeyd edək ki, ötən gün Milli Məclisin plenar iclasında millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli maraqlı təkliflə çıxış edib. Deputat bildirib ki, parlamentdə daimi fəaliyyət göstərən Qarabağ komitəsi yaradılmalıdır.