İslahatlar geniş miqyasda aparılır: Hər şey vətəndaşın sosial rifahı üçündür

Oktyabrın 1-dən etibarən Azərbaycanda əhalinin növbəti dəfə siyahıyaalınmasına başlanılıb. Siyahıyaalmada iştirak edən Prezident İlham Əliyev ölkədə demoqrafik vəziyyətdən danışıb. Ölkə başçısı bildirib ki, Azərbaycanda demoqrafik vəziyyət normaldır. Bununla yanaşı Prezident insanların sosial rifahının yaxşılaşdırılması üçün mütəmadi addımların atıldığını qeyd edib. 

Təbii ki, ölkəmizdə demoqrafik vəziyyətin stabil olması dövlətin islahatları, insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərlə bağlıdır.

“Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı Sherg.az-a açıqlamasında söylədi ki, son illər Azərbaycanda əhalinin artım tempi çoxalıb.

Onun sözlərinə görə, bu əhalinin sosial rifahın yaxşılaşması ilə birbaşa bağlıdır:



Elçin Bayramlı: "Əminəm ki, sosial müdafiə daha da gücləndiriləcək və getdikcə əhalimizin həm sayı, həm də keyfiyyəti artaracaq"


“Halbuki son dövrlərdə əksər ölkələrdə əhalinin azalması tempi davam edir. Bir çox ölkələr bu azalmanı miqrantlara vətəndaşlıq vermək hesabına həll edirlər. Lakin bu düzgün yol deyil. Milli genefondun qorunması, demoqrafik vəziyyətin normal olması üçün əhalinin artımı baş verməlidir. Düzdür, son vaxtlar qərb həyat tərzinə inteqrasiya ilə bağlı bizdə də 1 və 2 uşaqlı ailələrin sayı artıb. Amma sosial rifahın yüksəlməsi bu tendensiyanın da qarşısını ala bilər. Nəsillərin normal yenilənməsi, əhali sayının azalmaması üçün yaxşı hal ailədə 4 uşağın olmasıdır. Ən pis halda 3 uşaq olmalıdır. Lakin, əsas məsələ təkcə uşaqların sayında deyil, həm də onların sağlam, təhsilli və cəmiyyətə faydalı fərd kimi böyüdülməsidir. Məhz bu səbəbdən əksər ekspertlər, sosioloqlar aylıq uşaqpulunun bərpasını və birdəfəlik müavinətin artırılmasını təklif edirlər.

Dövlətimiz əlbəttə çox geniş miqyasda sosial islahatlar aparır və güclü sosial müdafiə siyasəti həyata keçirir. Bu, əlbəttə demoqrafik situasiyanın sağlam qalmasına səbəb olur. Amma qeyd etdiyim kimi, məsələ təkcə sayda deyil. Uşaqpulu məsələsinə yenidən baxılması həmin uşaqların hamısının sağlam və təhsilli böyüdülməsini təmin edə bilər. Azərbaycan sosial dövlətdir. Əminəm ki, sosial müdafiə daha da gücləndiriləcək və getdikcə əhalimizin həm sayı, həm də keyfiyyəti artaracaq”.