İrəvan sülhdə maraqlı deyil: Düşmən təxribat törətməklə vaxt uzatmaq istəyir

“Cəbhə xəttində mütəmadi olaraq baş verən təxribatları, diversiyaları və təhrikedici hərəkətləri sırf Paşinyan hökuməti ilə “Qarabağ klanı” arasındakı qarşıdurmanın nəticələrinə bağlamaq düzgün olmaz”. 

Bunu Sherg.az-a açıqlamasında AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov deyib. 

Partiya funksioneri bildirib ki, Ermənistan tərəfi 1994-cü ildən Bişkəkdə bağlanan atəşkəs rejimini hər gün pozub: 

“Erməni təxribatı təkcə cəbhədə deyil, təmas xəttinə yaxın ərazilərdəki yaşayış məntəqlərində də törədilir. Mülki əhali atəşə tutulur, əkin sahələri və yaşıllıq zolaqları yandırılır. İşğalçı rejimin hədəfi və məqsədi ondan ibarətdir ki, ölkəmizi gərginlikdə, cəbhə boyu sərhədləri isə qorxu altında saxlasın.



Əli Orucov: "Ermənistanın problemin həlli ilə bağlı formalaşmış mövqeyi heç vaxt dəyişməyib"


Yəni diqqəti işğal faktorundan yayındırmaqdır. Dağlıq Qarabağ probleminin həlli ilə bağlı aparılan sülh prosesində Ermənistan heç vaxt konstruktiv mövqedən çıxış etməyib. Müxtəlif bəhanə və üsullarla danışıqları pozub, yaxud da dalana dirədib. Ermənistanın problemin həlli ilə bağlı formalaşmış mövqeyi heç vaxt dəyişməyib. İrəvan Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi görmür. Belə olan halda ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparlan Ermənistan-Azərbaycan danışıqlarının mənası qalmır”. 

Ə.Orucovun sözlərinə görə, Paşinyan hakimiyyətə gələnə kimi rəhbərlikdə “Qarabağ klanı” idi və separatçılarla daxili problemlər yaşanmırdı: 

“Ancaq ermənilər uzun illərdir atəşkəsi pozur, diversiya qruplarını işə salırdı. Birdəfəlik bilmək lazımdır ki, ermənilər öz daxillərində bir-birlərinin qanını içsələr də, yeni ərazilər ələ keçirmək və “Böyük Ermənistan” qurmaq iddialarından heç vaxt vaz keçməyiblər. Göründüyü kimi təkcə sülh prosesi ilə problemi həll etmək mümkün deyil. Məncə, hərbi-siyasi yol ən məqbul variantır”.