Azərbaycan da “S- 400”lər ala bilərmi?

Ekspert bildirib ki, ölkəmiz Rusiya ilə yeni sazişə imza atacaq



Amma sazişdə hansı silahların yer alacağı hələ ki məlum deyil



Rusiya Azərbaycana yeni silahlarını tövsiyə edə bilər. Bu barədə rusiyalı politoloq İqor Korotçenko Prezident İlham Əliyevin oktyabrın 3-də Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşünü şərh edərkən deyib. Korotçenko Ermənistan mediasında rast gəldiyi bir fikrə də diqqət çəkib: “Bəzi erməni ekspertləri husilərin Səudiyyə Ərəbistanının neft obyektlərini pilotsuz təyyarələrlə vurması haqda danışarkən qeyd edirdilər ki, əgər husilərin yerinə Ermənistan olsaydı, Azərbaycanı vurardı. Bu, məsuliyyətsiz fikirlərdir.

Lakin Azərbaycan və Rusiya müasir dünyada belə təhlükələri anlayır. Bu baxımdan, Azərbaycan neft obyektlərinin müdafiəsi üçün hava Hücumundan Müdafiə sistemini gücləndirə bilər. Səudiyyə Ərəbistanına edilən hücum bu problemi aktuallaşdırdı. Azərbaycan vəziyyətə praqmatik ölkə kimi baxa və Rusiyada S-400 sistemlərini, o cümlədən, bütün hədəfləri 100 faiz məhv etmək potensialına malik olan TOR-M2 sistemini ala bilər. Məhz bu komplekslər Suriyada Rusiyanın Xmeymim bazasına pilotsuz təyyarələrin hücumlarını dəf edir”. Bir sıra ekspertlərə görə, silah məsələsinin gündəmə gəlməsi Moskvanın Paşinyan hökumətinə mesajı, ciddi xəbərdarlığı da ola bilər. 



Mövzunu “Şərq”ə şərh edən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib ki ki, Azərbaycan istədiyi silahı əldə edə bilər. Politoloqun sözlərinə görə, ölkəmizin xarici siyasətdə tutduğu mövqe və müdafiə büdcəsi buna imkan verir: 

“S- 400”lərin və "Patriot"ların alınması istisna deyil. Həm ABŞ, həm də Rusiya Azərbaycanla hərbi əməkdaşlıqda maraqlıdır. Ona görə də Rusiya KİV-lərində yayılan məlumatları təsadüfi saymıram. Bu açıqlamalar eyni zamanda Azərbaycanın və Ermənistanın ictimai dairələrinin reaksiyalarını yoxlamaq cəhdidir”. 

Analitikin fikrincə, bununla bağlı müəyyən danışıqlar da gedə bilər:

“Məlumdur ki, Türkiyə “S -400”ləri artıq əldə edib. Düşünürəm ki, rəsmi Bakı da yaxın müddətdə Rusiya ilə yeni sazişə imza atacaq. Amma sazişdə hansı silahların yer alacağı hələ ki məlum deyil. Son vaxtlar Moskva-İrəvan münasibətləri xeyli gərginləşib. Paşinyan ara-sıra anti-Rusiya ritorikasına üstünlük versə də, düşmən ölkə hər zaman Rusiyanın tabeliyində olub. Azərbaycan isə müstəqil tərəf kimi Rusiya üçün maraqlı tərəfdaş və real silah alıcısıdır. Rəsmi Moskva yaxşı bilir ki, Azərbaycana hansısa silahı satmaqdan imtina edərsə, ölkəmiz bunu başqa ölkələrdən əldə edə bilər. Xatırladım ki, keçən il ABŞ prezidentinin sabiq müşaviri Con Bolton Azərbaycana səfəri zamanı rəsmi Bakıya Amerikanın müxtəlif silahlarını təklif etmişdi”.