Eldar İbrahimov: "Heydər Əliyev Azərbaycanı ən qabaqcıl respublikaya çevirdi"

Bu gün mərhum dövlət başçısı Heydər Əliyevin ilk dəfə prezident seçilməsindən 26 il keçir. 1993-cü ilin oktyabrın 3-də müstəqil Azərbaycanın tarixində 3-cü prezident seçkiləri keçirildi. H.Əliyev seçkilərdə iştirak edən seçicilərin 98.70 faizinin səsini toplayıb və müstəqil Azərbaycanın 3-cü prezidenti seçilib.

Ümumilli lider Heydər Əliyevin Prezident seçilməsi ilə Azərbaycan tarixinin yeni mərhələsi başladı. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamdan qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrə ölkəyə sahib çıxa biləcək Heydər Əliyev kimi liderə ehtiyacı var.

Ümummilli liderlə bağlı fikirlərini Sherg.az-la bölüşən millət vəkili Eldar İbrahimov söylədi ki, ulu öndər Heydər Əliyev kommunist dövründə Azərbaycanın birinci katibi olarkən xalqımız üçün böyük fədakarlıqlar edib.

Deputatın sözlərinə görə, Heydər Əliyev uzaqgörən və müdrik bir insan idi:

“Ulu Öndər məlum səbəblərdən Naxçıvana qayıtdı və orada olarkən, 1991-ci ilin 2 sentyabrında Naxçıvanda Ali Məclisinin sədri seçildi. Çünki Naxçıvan çox ağır vəziyyətdə idi və hər zaman ermənilərin işğalına məruz qala bilərdi. Lakin ulu öndər orda olduğu üçün bu mümkün olmadı. Çünki Naxçıvanda Heydər Əliyev ağlı, cəsarəti və müdrikliyi var idi. 

1993-cü ilin 3 oktyabrında Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçildi.SSRi dövründə elə adam olmayıb ki, vəzifədən çıxandan sonra hakimiyyətə gəlsin. Heydər Əliyev ağıllı insan və böyük siyasi xadim olub. Məlumdur ki, Azərbaycan 1990-1993-cü illərdə dağılmaq üzrə idi. Xüsusilə, 1993-cü ildə ölkədə böyük çaxnaşma var idi. Hər kəsin gözü Naxçıvana dikilmişdi, əhali onun yolunu gözləyirdi. Azərbaycan xalqının istəyi ilə Heydər Əliyev paytaxta gəldi və əhali sözün əsl mənasında bəlalardan qurtuldu. 

E.İbrahimov vurğuladı ki, ölkədə anarxiya baş götürüb gedən zamanlar da Heydər Əliyev qısa müddət ərzində bu problemləri həll elədi:

“Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır. Bir vaxtlar kommunist dövründə ən geridən qalan respublikalardan biri Azərbaycan idi. Lakin Heydər Əliyev Azərbaycanı ən qabaqcıl respublikaya çevirdi. Heydər Əliyev ölkədə çox mühüm islahatlar həyata keçirərək iqtisadiyyatımızın da günü-gündən inkişafına nail oldu. 1993-cü il tariximizin ən gözəl və şərəfli səhifələrindən biridir. Çünki ulu öndər hakimiyyətə gələrək Azərbaycanı xilas etdi və ölkəmizin inkişafına nail oldu”.