"Siyahıyaalmada müəyyənləşəcək məqamlar inkişaf planlarının qurulmasında xüsusi rol oynayacaq"

“Azərbaycanda son dəfə siyahıyaalma prosesi 10 il əvvəl aparılmışdı. Bu 10 il ərzində ölkəmizinə iqtisadi, siyasi mühitində böyük dəyişikliklər və inkişaf qeydə alınıb”.

Bu sözləri Sherg.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib. Deputat bildirib ki, bütün bunlarla yanaşı, Azərbaycanda demoqrafik artım da baş verib:

“Bildiyiniz ki, Azərbaycan vətəndaşlarının sayı 10 milyonu keçib. Bu artımın iqtisadi inkişafla birgə qeydə alınması, milli gəlirlərin çoxalması Azərbaycanın bugünkü reallığıdır. Bu reallığın təsdiqi də siyahıyaalmada öz əksinii tapacaq. Oktyabrın 1-dən başlanan prosesdə yeni müddəalar salınıb ki, bunlar əhalinin sosial vəziyyətini müəyyənləşdirmək məqsədi daşıyır. Əhalinin gəlirləri, demoqrafik artım, miqrasiya olunması, xarici, daxili miqrasiyanın vəziyyəti və bu kimi istiqamətlər öz əksini tapır”.



Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin də statistika idarəsinin rəhbərinə göstəriş verdiyi kimi, bu siyahıyaalmada müəyyənləşəcək məqamlar Azərbaycanın gələcək inkişaf planlarının qurulmasında xüsusi rol oynayacaq: 

“Bu prosesin nəticələri Azərbaycanın bugünkü vəziyyətini göz qabağına qoyacaq. Bu, vacib prosesdir. Həm əhalinin sayının yerlərdə nə qədər olduğuna aydınlıq gətirir. Həm də ailə tərkibini, işsizliyin səviyyəsini ölçür”.

Qeyd edək ki, oktyabrın 1-dən etibarən Azərbaycanda əhalinin növbəti dəfə siyahıyaalınmasına başlanılıb. Siyahıyaalmada iştirak edən Prezident İlham Əliyev ölkədə demoqrafik vəziyyətdən danışıb. Ölkə başçısı bildirib ki, Azərbaycanda demoqrafik vəziyyət normaldır. Bununla yanaşı Prezident insanların sosial rifahının yaxşılaşdırılması üçün mütəmadi addımların atıldığını qeyd edib.