Rasim Musabəyov: "Prezidentin məhz Soçidə belə ifadə işlətməsi ermənilərə ciddi mesajdır"

“Dövlət başçısı İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsini məhz Rusiyada səsləndirməsi çox əhəmiyyətlidir”.

Bunu Sherg.az-a açıqlamasında millət vəkili Rasim Musabəyov deyib. 

Deputat bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyan mütəmadi olaraq beynəlxalq hüquqa zidd ifadələr səsləndirirdi: 

“Lakin Azərbaycan Prezidenti İlham Əliyev Rusiyada növbəti dəfə bəyan etdi ki, dünya və beynəlxalq hüquq Dağlıq Qarabağı və ətraf rayonları Azərbaycanın tərkib hissəsi kimi tanıyır.

Bu reallığı heç kim inkar edə, dəyişdirə bilməz. Ötən gün Rusiya XİN rəhbəri Sergey Lavrov Paşinyanın davranışını Kosova separatçılarına bənzətdi və bunun yanlış olduğunu, müharibəyə çağırış kimi başa düşüldüyünü vurğuladı. Nəzərə alsaq ki, bir çox hallarda Ermənistanı himayə edən Rusiyadır, cənab Prezidentin məhz Soçidə belə bir ifadə işlətməsi ermənilərə ciddi mesajdır. Yəni ermənilərə deyirik ki, gözünüzü Rusiyaya dikməyin, çünki absurd iddialarınıza sizə “dədəlik” edən Moskva da dəstək çıxmır”.