Gözümüz öyrəşməyib: Əslində Mingəçevirin icra başçısının hərəkəti adi haldır

Bu günlərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun marketdə bazarlıq etdikdən sonra növbədə dayanarkən çəkilən fotosu yayılıb. Sözügedən foto sosial şəbəkə izləyiciləri arasında böyük marağa və müzakirələrə səbəb olub. Hər kəs icra başçısının bu addımını müsbət qarşılayıb.

Məsələyə aydınlıq gətirən Mingəçevir şəhər icra başçısının müavini, şəhər təsərrüfatı şöbəsinin müdiri Məhluqə Cavadova bildirib ki, İlham İsmayılovun marketdə bazarlıq etdikdən sonra növbədə dayanarkən çəkilən fotosunu yəqin ki, şəhər sakinlərindən kimsə çəkib:

“Çünki İlham müəllimi marketdə, bazarda, şəhərdə tez-tez görmək mümkündür. Mingəçevirin icra başçısı məmur kimi yox, sadə vətəndaş kimi həyat sürür.  Bu, icra başçısı üçün adi haldır. Foto mediada o qədər maraqla qarşılanıb ki, bizə də təəccüblü gəldi. İlham müəllimi marketdə, şəhərdə, keçədə tez-tez görmək mümkündür. Evinin alış-verişini daim özü edir. İstənilən şəhər sakini küçədə rahatlıqla icra başçısına yaxınlaşa bilər. Mingəçevirdə bu gün olduqca fərqli mühit var”.

M.Cavadova bildirib ki, icra başçısı sakinlərlə görüş üçün tez-tez şəhər gəzintisinə çıxır:

“İşə piyada da gəlir. Şəhərə gəzintiyə çıxır, rahatlıqla hər kəs ona yaxınlaşıb dərdini bölüşür. İlham müəllim şəhər adamıdır, o, sakinlərin arasında olmağı xoşlayan biridir. Ona görə belə şəkillərin çəkilməsi adi haldır”.

Sözsüz ki, icra başçısının bu cür davranış sərgiləməsi rəğbətlə qarşılanmalıdır. Məmurların bahalı avtomobillərdən və xüsusi mühafizəçilərdən istifadə etdiyinə gözümüz çox öyrəşib. Məhz buna görə də, Mingəçevirdə çəkilən fotu hər birimizi üçün təəccüblü gəlir. Əslində vəzifədən olan şəxsin sadə vətəndaş kimi xalqın arasına çıxması, bəzən onların dərdinə şərik olması, onlarla daim ünsiyyət qurması tamamilə normal bir haldır. Maraqlıdır, bu davranış davamlı xarakter alaraq digər məmurlara da örnək ola bilərmi?



Sosioloq: "Birinin pulu çoxdur və ya vəzifəsi böyükdür deyə, özünü başqalarından üstün tutarsa, bu gülünc qarşılanmalıdır"


Sosioloq-alim Əhməd Qəşəmoğlu Sherg.az-a açıqlamsında dedi ki, Mingəçevir icra başçısının bu cür həyat tərzi sürməsi olduqca təqdirəlayiq haldır. 

Sosioloqun sözlərinə görə, Avropa ölkələrində hansısa məmuru küçədə gəzərkən görmək adi bir haldır:

“Özünü fərqləndirərək kimlərdənsə üstün tutmaq, Azərbaycanın böyük bəlasıdır. Bu gün baş verən porseslərin çoxu odur ki, insanlar fərqli davranış göstərərək özlərinin “üstünlüklərini” nümayiş etdirir. Heç kim, heç kimdən üstün deyil. Ola bilər ki, kiminsə mənəvi keyfiyyətləri başqasından üstündür. Bu, normal qarşılana bilər. Yoxsa birinin pulu çoxdur və ya vəzifəsi böyükdür deyə, özünü başqalarından üstün tutarsa, bu gülünc qarşılanmalıdır. 

Bir vaxtlar Milli Məclisdə kifayət qədər yüksək vəzifədə çalışmışam. Bu vəzifə hətta icra başçısından da qat-qat üstün idi. İndiki davranışımla həmin zamankı davranışım arasında heç bir fərq olmayıb. Mənim də işimlə bağlı xidməti maşınım var idi. O zamanlar insanlar məni küçədə maşınsız görəndə deyirdilər ki, “sizi işdən çıxarıblar?”. Amma bu tamamilə normalı bir haldır. Ölkəmizdə kimsə bunu qəbul etmirsə, həmin insan natamamdır. Normal adam vəzifəsinə görə özünü camaatın gözünə soxmaz. Həmin şəxsin ən böyük üstünlüyü vəzifəsini daha yaxşı icra etməsidir. Mingəçevir icra başçısı da vəzifəsini daha düzgün yerinə yetirir. O vətəndaşlarla daim ünsiyyətdə olur deyə vətəninin tərəqqisinə kömək edir. Hər kəs bu situasiyanı alqışlamalıdır. Başqa məmurlar da, bu cür hərəkətlə rəğbət qazana bilərlər”.