Aktual problem gündəmə gətirildi: İnternet medianın statusunun müəyyən edilməsi vacibdir

Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanda fəaliyyət göstərən KİV-lər, xüsusən internet media resursları ilə bağlı bir sıra təkliflər irəli sürüb. Deputat bildirib ki, internet media orqanlarının sayı çoxaldığı üçün onların kütləvi informasiya vasitəsi kimi hüquqi statusu müəyyənləşməlidir. Yəni qanun müəyyən etməlidir ki, qəzet, jurnal, informasiya agentliyi ilə yanaşı, internet media orqanı da kütləvi informasiya vasitəsidir: “Bu bizə gələcəkdə imkan verəcək ki, internet media orqanları ilə əlaqədar məsuliyyət kateqoriyalarını dəqiqləşdirək. Üstəlik, müəyyən texniki məsələlər var. Tutalım, bir qəzetin KİV sayılması üçün onun tirajı, yayımı və sair məsələlər əsas götürülür. İnternet media ilə bağlı biz hansı parametrləri nəzərə alaq? Hesab edirəm ki, qanun bu sayaq məsələlərə də aydınlıq gətirəcək”.

Millət vəkili əlavə edib ki, müasir dövrdə ictimai rəy əsasən internet media orqanları üzərindən formalaşır: “Belə olduğu təqdirdə bu KİV-lər nə üçün dövlət dəstəyindən faydalanmamalıdır? Əlbəttə, onların potensialı cəmiyyət üçün maraq kəsb edən məsələlərə yönləndirilməlidir. Hesab edirəm ki, internet medianın hüquqi statusunun müəyyənləşdirilməsi bu sayaq məsələlərə də aydınlıq gətirəcək”. 

Əksər ekspertlərin fikrincə, Mətbuat Şurasının sədri Əflatun Amaşovun internet medianın statusu ilə bağlı gündəmə gətirdiyi məqamlar kifayət qədər aktualdır. Çünki ölkədə saytların KİV olaraq heç bir hüquqi statusu yoxdur. Qeydiyyat məsələsi isə daha xaotikdir. Saytlar kommersiya qurumu olaraq MMC kimi Vergilər Nazirliyində qeydiyyatdan keçir və avtomatik olaraq biznes öhdəlikləri olan hüquqi şəxslərə çevrilirlər. Belə olan halda saytların istehsal etdikləri informasiyalar "KİV haqqında" qanuna görə “KİV məhsulu” sayılmır. Hətta bu məlumatlar heç məhkəmə predmeti də ola bilməz. 

Əflatun Amaşovun parlamentdə qaldırdığı məsələləri “Şərq”ə dəyərləndirən Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib ki, onlayn media üçün konkret statusun müəyyən edilməsi müsbət və vacib addımdır. Lakin JAM rəhbəri vurğulayıb ki, bununla belə, bu gün onlayn medianın statusunun olmaması mövcud saytların fəaliyyətinə və auditoriyasına hər hansı təsir göstərmir:

“Onlayn medianın statusunun olmamasından qaynaqlanan əsas problem saytların dövlət maliyyələşməsindən kənar qalmalarıdır. Bu məsələ dəfələrlə gündəmə gətirilsə də, onun müsbət həlli hələ ki gecikir. Ümid edək ki, qarşıdakı dövrdə saytlar çap mediası kimi dövlətdən maliyyə dəstəyi ala biləcəklər. Hesab edirəm ki, onlayn media üçün hüquqi statusun müəyyənləşməsi zamanı məhdudlaşdırıcı müddəaların qəbulundan yayınmaq lazımdır. Əks halda, saytların fəaliyyətində indi müşahidə olunan dinamizm və effektivlik ciddi şəkildə azalacaq. Çalışmaq lazımdır ki, bu məsələnin tənzimlənməsi onlayn medianın fəaliyyətini tormozlamasın, əksinə, təkan versin”.

“Yeni Müsavat”ın redaktoru Elşad Məmmədov da “Şərq”ə bildirib ki, saytların hüquqi statusu məsələsi illərdir müzakirə mövzusudur. Redaktorun fikrincə, bu, çox tezliklə həllini tapmalı olan bir məsələdir:

“Çünki burada söhbət həm faktiki olaraq kütləvi informasiya vasitəsi kimi fəaliyyət göstərən orqanın de-yure bu cür tanınmasından gedir. Hazırda saytlar yalnızca VÖEN açdırır və MMC kimi fəaliyyət göstərirlər. Bununla həm KİV kimi məsuliyyət məsələsində hüquqi problemlər yaranır, həm də saytlar dövlətdən yardım almaq və digər dəstəklərdən kənarda qalırlar. Düşünürəm ki, bununla bağlı ayrıca qanuna ehtiyac yoxdur. Sadəcə, KİV haqqında qanunda və digər müvafiq qanunlarda düzəliş etmək, müasir dövrün tələblərinə uyğun bəndlər əlavə etmək yetərlidir”.
“YeniÇağ” Media Qrupun rəhbəri Aqil Ələsgər də “Şərq”ə vurğulayıb ki, onlayn medianın hüquqi statusunun müəyyən olunmaması çox ciddi problemdir: “İnternet mediaya dəstəklə bağlı cənab Prezidentin mövqeyi ortadadır. Bununla bağlı müəyyən işlər də görülməkdədir. Amma hüquqi baza olmadığına görə, proses ləngiyir. O baxımdan Azərbaycanda qeydiyyatdan keçən bütün saytlar, o cümlədən “Yeniçağ” məhdud məsuliyyətli cəmiyyət formasında fəaliyyət göstərir. Yəni işimizi bu şəkildə leqallaşdırırıq. Hüquqi statusumuz müəyyən olsaydı, məsələlər qanunvericiliklə həll edilsəydi, həm problemlərimiz çözülər, həm də hər kəs internet domen sahibi olmağa cəhd göstərməzdi. Bununla da mediadan uzaq şəxslərin internet qəzetçilik iddiasının qarşısını almaq mümkün olardı. Hazırda ən böyük problemimiz reklam bazarının olmamasıdır. Reklam bazarında haqsız rəqabət mövcuddur. Əgər bu problemi hüquqi yolla tənzimləmək olarsa, internet medianın fəaliyyəti daha qənaətbəxş hala gələr”. 

Sosial Media Mərkəzinin direktoru Azər Niftiyev də qəzetimizə açıqlamasında vurğulayıb ki, Əflatun Amaşovun fikirlərində həqiqət var:

“Hazırda Azərbaycan oxucusu daha çox internet saytların, xəbər portallarının izləyicisidir. Məhz bu məqamın özü internet media resursları ilə bağlı hüquqi statusun tezliklə müəyyən edilməsini zəruri edir. Nəzərə alaq ki, ölkədə yüzlərlə xəbər saytları var və hər gün sayları daha da artmaqdadır. Ona görə də bu məsələdə hüquqi mexanizm tapılmalı və uyğun format işlənib hazırlanmalıdır. Əgər münasib formatı tapmaq mümkün olarsa, hüquqi statusu tezliklə həll etmək olar”. 

“Etikxeber.az” saytının baş redaktoru, “525-ci qəzet”in parlament müxbiri Kamil Həmidov “Şərq”ə vurğulayıb ki, Əflatun Amaşovun fikirləri təzə deyil və dəfələrlə mətbuatda, parlamentdə bu yöndə fikirlərini səsləndirib. Baş redaktorun fikrincə, ehtiyac halında internet media ilə bağlı ayrıca qanun layihəsi hazırlamaq, müzakirələrə çıxarmaq və qəbul etmək olar:

“Dünyada bir çox sahələr üzrə çərçivə ana qanunları və sahəvi qanunlar mövcuddur. Əsas məsələ odur ki, bu qanun Azərbaycanda internet medianın inkişafına hərtərəfli kömək etsin. Yəni məhdudlaşdırıcı yox, əksinə, genişləndirici funksiya rolunu oynasın. İnternet medianı tənzimləmək, yüzlərlə saytı araşdırmaq mürəkkəb məsələdir. Hesab edirəm ki, burada saytın fəaliyyəti üçün izləyici sayı əsas olmamalıdır. Saytlar daha çox şoudan, kriminaldan və digər məqamlardan yazırlar ki, bu da cəmiyyətdə yüksək qarşılanmır. Bəzi saytlar isə reketlik edirlər. Fikrimcə, internet media ilə bağlı daha çox peşəkarlığa önəm verilməlidir. Belə halda yanaşma daha ədalətli olar”.

Pia.az saytının baş redaktoru, tanınmış jurnalist Azər Qaramanlı da “Şərq”ə bildirib ki, məsələ daha öncə Mətbuat Şurası tərəfindən də qaldırılıb:

“Məncə, bu məsələdə bir qədər anlaşılmazlıq var. Söhbət saytlardan gedirsə, saytları KİV-dən və “KİV haqqında” qanundan ayırmaq heç bir məntiqə sığmır. Çünki normalda saytlar KİV olaraq fəaliyyət göstərirlər və bu fəaliyyətlə qəzet və teleradio arasında heç bir fərq yoxdur. Bütün qəzetlərin, o cümlədən teleradioların da saytı var. Onda belə çıxır ki, qəzet və teleradioların saytları da ayrıca qanunla tənzimlənməlidir. Operativ və onlayn fəaliyyət göstərən saytların hüquqi statusunun ayrıca qanunla tənzimlənməsi barədə irəli sürülən təklifləri anlamıram. Dünya təcrübəsində belə bir şey yoxdur. Həmçinin, KİV haqqında Azərbaycan dövlətinin Avropa Şurası qarşısında götürdüyü öhdəliklər var və bu qanuna olunan dəyişikliklər “Venetsiya Komissiyası” ilə razılaşdırılmalıdır”. 
A.Qaramanlının sözlərinə görə, əgər söhbət sosial şəbəkələrdən gedirsə, təbii ki, bu sahənin Azərbaycan qanunvericiliyi ilə nizamlanmasına ehtiyac var: “Burada məsuliyyət dərəcəsi müəyyənləşməlidir. Hər kəs davranışının məsuliyyətini bilməlidir. Mən sosial şəbəkə yaradıcılığını mətbuat olaraq dəyərləndirmirəm. Hətta sosial şəbəkələrdəki populyar bloqları belə KİV adlandırmaq doğru deyil. Bu sadəcə xaotik özfəaliyyətdir və bu özfəaliyyətin nizamlanması heç də asan deyil. Digər tərəfdən hər kəsin ifadə azadlığı kimi bir konstitusion haqqı var. Bu haqq təbii ki, sərhədlidir və başqalarının haqqına qədər uzana bilər. Ona görə də qanun bu həddi nizamlamalıdır. Təbii ki, təhqir və söyüşlərə görə məsuliyyət qanunla açıq şəkildə təsbit olunmalıdır. Ancaq hesab etmirəm ki, bloklama effektli ola bilər. Çünki Rusiya təcrübəsi də göstərdi ki, bu, heç də asan məsələ deyil. Bütün qadağalara baxmayaraq, bu gün Rusiyada milyonlarla insan, o cümlədən dövlət rəsmiləri belə “Teleqram”dan istifadə etməkdə davam edirlər. İranda da eyni vəziyyətdir”. 

“Cümhuriyyət” qəzetinin və “cebhe.info” saytının redaktoru Elman Cəfərli millət vəkili Əflatun Amaşovun fikirləri ilə razı olduğunu deyib:

“Elektron medianın - saytların, xəbər portallarının kütləvi informasiya vasitəsi kimi hüquqi statusu müəyyənləşməlidir.  “KİV haqqında” qanuna əsasən kütləvi informasiya vasitələri dedikdə dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet informasiya ehtiyatı, kinoxronika proqramları və digər yayım formaları, nömrəsi olan və ildə azı bir dəfə efirə buraxılan audio, audio-vizual xəbər və materialların məcmusu nəzərdə tutulur. Sözügedən qanuna görə, dövri mətbu nəşrlər, yəni, çap prosesinin və ya hər hansı surətçıxaran texnikanın vasitəsilə hazırlanmış, birdəfəlik tirajı 100 nüsxədən çox, daimi adı və cari nömrəsi olan, ildə azı on iki dəfə çıxan qəzetlər və ildə azı iki dəfə çap olunan jurnal, toplu, bülleten və başqa dövri nəşrləri ehtiva edir. 15 ilə yaxındır ki, Azərbaycanda müstəqil saytlar, xəbər portalları fəalliyyət göstərir. Onların qeydiyyatı ənənəvi qaydada deyil. Hər kəs Vergilər Nazirliyinin müvafiq departamentində “vahid pəncərə” qaydası ilə qanuna uyğun şəkildə hər hansı adla “informasiya agentliyi MMC” yarada bilir. Sonra domen və hostinq alıb sayt açır, xəbərlər, yazılar yayımlayır. Azərbaycanda hazırda qəzetlər 6-7 min tirajla çap olunur. Onlar KİV sayılırlar. Ancaq gündəlik girişi 30-40 min olan sayt KİV sayılmır. Niyə belə olmalıdır? “YouTube” kanalı var ki, 150-200 minlik auditoriyası var. Onlar da KİV sayılmalıdır. Çünki faktiki olaraq informasiya bazarında və xəbər məkanındadırlar. Əgər saytlar, “YouTube” kanalları KİV sayılarsa, bu, onların məsuliyyətini də müəyyən edər. Bu baxımdan qanuna yenidən baxmağa ehtiyac var”.