Müdafiədən hücum taktikasına keçməliyik

Ermənistan ərazilərimizdə çevik dəstələr yaradıb


Məqsəd Azərbaycana qarşı mütəmadi təxribatlar törətməkdir


Ermənistan silahlı birləşmələrinin cəbhə xəttindəki təxribatları ara vermir. Mütəmadi olaraq mövqelərimizi iriçaplı silahlardan atəşə tutan düşmən tərəf mülki sakinlərimizi də hədəf alırlar. Bu günlərdə erməni əsgərlərinin atəşi nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskovator ermənilər tərəfindən atəşə tutulub. Nəticədə ekskovatorun sürücüsü Abışov Səfərəli Ələkbər oğlu güllə yarası alıb. Hadisə yerində mümkün tibbi yardım göstərilməklə yaralının təcili təxliyyəsi təmin olunub.

Lakin görülən tədbirlərə baxmayaraq, mülki şəxsin həyatını xilas etmək mümkün olmayıb. Təxribatdan sonra Azərbaycan Xarici İşlər Nazirliyi azərbaycanlı mülki şəxsin öldürülməsinə münasibət bildirib. XİN-in mətbuat xidmətinin rəisi Leyla Abdullayeva deyib ki, münaqişə ərzində azərbaycanlı mülki şəxslərin məqsədyönlü şəkildə qətlə yetirilməsi Ermənistan silahlı qüvvələrinin fəaliyyətinin əsas mahiyyətini təşkil edib. 1992-ci ildə Xocalıda baş vermiş qanlı qətliam, eləcə də cəbhə xəttinə yaxın ərazilərdə yaşayan azyaşlı uşaqların öldürülməsi bunun bariz sübutudur: “Son zamanlar tendensiya halını almış və Ermənistan rəhbərliyinin məsuliyyətsiz bəyanatları ilə müşayiət olunan atəşkəsin pozulması halları təsdiq edir ki, işğalçı ölkənin bəyanat və əməlləri münaqişənin sülh yolu ilə həllinə ziddir. Bu hərəkətlər ATƏT-in Minsk Qrupunun bəyanatlarına uyğun gəlmir. Ermənistan tərəfinin növbəti mənfur hərəkətini qətiyyətlə pisləyirik”.



Düşmən təxribatlarının səbəbini “Şərq”ə şərh edən Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, Ermənistan tərəfi işğal olunmuş ərazilərdə çevik dəstələr yaradıb. Ekspertin sözlərinə görə, bunlar zərbə dəstələridir:

“Məqsəd, Azərbaycana qarşı mütəmadi təxribatlar törətməkdir. Nikol Paşinyan və müdafiə naziri David Tonoyan dəfələrlə belə bir qrupun yaradılacağının anonsunu vermişdilər. Ermənistan müdafiə istehkamlarını möhkəmləndirir. Hazırda cəbhə xəttində danışıqlarda heç bir güzəştə gedilməyəcəyini qeyd edirlər, ərazilərdə məskunlaşma aparılır. Azərbaycan tərəfinin atəşkəsə riayət etməsi erməni tərəfinin əl-qolunu açıb. Paşinyan BMT-nin ali kürsüsündən danışıqlarda maraqlı olmadığını vurğulayır. Sərsəm bəyanatları ilə danışıqları tormozlayır”. 

Ekspertin sözlərinə görə, cəbhədə işğalçıya güclü zərbələr endirməliyik:

“Ermənistanın cəbhənin müdafiə xəttinə yaxın ərazilərdə bütün hərbi infrastrukturu dağıdılmalıdır. Paşinyan daxildə özünə qarşı mümkün etirazları cəbhə xəttinə yönəltməklə vəziyyətə nəzarət etməyə çalışır. Xankəndindəki separatçılarla Paşinyan arasındakı problemlər, ümumi situasiyanı gərginləşdirir. İşğala məruz qalan bizik, ona görə də müdafiəyə deyil, hücuma üstünlük verməliyik”.